• 25 Aprel 2024
logo
Azərbaycan haqda böhtan xarakterli məlumatlar Berlin Film Festivalının saytından çıxarılıb

Azərbaycan haqda böhtan xarakterli məlumatlar Berlin Film Festivalının saytından çıxarılıb

“2021-ci ilin mart və iyun aylarında keçiriləcək 71-ci Berlin Beynəlxalq Film Festivalında "Black Bach Artsakh" sənədli filminin nümayişi, eləcə də filmlə bağlı qeyd olunmuş, Azərbaycan haqqında böhtan və iftira xarakterli məlumatlar, həmçinin istehsalçı ölkə kimi qondarma “Arsax Respublikası” yazısı festivalın saytında yer aldıqdan dərhal sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb”.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sözügedən filmin və qeyd olunan məlumatların festivaldan və onun saytından çıxarılması ilə əlaqədar fevral ayında Nazirlik tərəfindən Almaniya Federativ Respublikasının mədəniyyət və media üzrə müvəkkilinə və Berlin Beynəlxalq Film Festivalının rəhbərliyinə rəsmi məktublar göndərilib: “Bundan əlavə, fevralın 19-da AFR-in ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə Mədəniyyət Nazirliyində görüş keçirilib, "Black Bach Artsakh" filminin Berlin Beynəlxalq Film Festivalının proqramına salınmasına etiraz ifadə olunub. Müvafiq tədbirlərin nəticəsi olaraq, "Black Bach Artsakh" filminin istehsal edildiyi ölkə adı dəyişdirilərək “Ermənistan Respublikası” yazılıb, Azərbaycan haqqında qeyd olunan böhtan və qarayaxma xarakterli məlumatlar festivalın saytından çıxarılıb”.