• 20 Aprel 2024
logo
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi-tədqiqat institutları, müxtəlif fond və qurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər.