• 29 Mart 2024
logo
Xalq artisti Fidan Hacıyeva musiqi məktəbinə direktor təyin olunub

Xalq artisti Fidan Hacıyeva musiqi məktəbinə direktor təyin olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin olunub.
Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.
Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırılır.