• 19 Mart 2024
logo
Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb

Noyabrın 23-ü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, görkəmli musiqişünas-alim, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin anım günüdür.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə parlaq incilər bəxş edən, musiqinin müxtəlif janrlarında ölməz əsərlər yaradan, Azərbaycanın Dövlət Himninin möhtəşəm melodiyasını yazan, opera sənətimizin zirvəsi sayılan “Koroğlu”nun uvertürası ilə vətənpərvərlik duyğularımızı coşduran böyük sənətkarın ruhu bu gün şaddır.

"Çünki Üzeyir bəyin doğma şəhəri, boya-başa çatdığı musiqi beşiyi, millətimizin qürur rəmzi, Qarabağımızın baş tacı olan Şuşa noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilib. Xalqımızın 28 illik Şuşa həsrətinə son qoyulub.

1959-cu ildə Şuşa şəhərində Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılıb. Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə fəaliyyətə başlayan muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, əsərlərinin əlyazmaları, digər eksponatlar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi. 1975-ci ildə dahi bəstəkarın Bakı şəhərində ev-muzeyi açılandan sonra da Şuşadakı muzey Üzeyir irsini yaşadan mədəniyyət ocağı kimi fəaliyyətini davam etdirib.

Bəstəkarın anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunub. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlar dahi bəstəkarın Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilib.

1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırdı. İşğal öncəsi muzeyin eksponatlarının – bəstəkara məxsus əşyaların düşmən əlinə keçməsinə yol verilmədi. Bu eksponatlar hazırda Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılır.

Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin şəxsi əşyaları, uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar var. Bu eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.

Üzeyir bəyin xatirəsini yaşadan bu dəyərli eksponatların dahi bəstəkarın doğma şəhərinə, doğma evinə qayıdacağı, Şuşadakı ev-muzeyinin bərpa olunaraq fəaliyyətə başlayacağı günə isə az qalıb", - məlumatda bildirilib.