Aysel Oğuz
Əslində o evə bir neçə ay öncə getmişdim. Lakin o evi cümlələrə köçürməyə tələsmirdim. Səbəbini bilmirəm, amma o evdə keçirdiyim hisslər məni hər gün təqib etdi... Və bu gün... O evdə bəlkə də heç bir saatdan çox qalmadım, lakin orada yaşadığım hissləri sizə çatdırmaq üçün o hüzur evi məndən aylarımı aldı və bir ömür boyu yaddaşımda qaldı...
Çox şair, yazıçı evində oldum, lakin Bəxtiyarın hüzur evi qədər mənə təsir edən olmadı... O ev məni qəhərə boğub, uzaqlara apardı... çünki o ev Bəxtiyarın özü idi. Bəxtiyar kimi sadə, sadə göründüyü qədər də dərin, mənalı... O evdə xatirələrə qərq olmuş divarlar, yuxusuz gecələrdə yuxu izləri qalmış saysız kitablar... O evdə ən əsası Bəxtiyarın ilham masası və dərd ortaqları vardı... Hər tüstü çəkişində ürəyinin dərinliyindən bir söz çəkən-siqaret...O çəkilmiş hər ürək sözlərini vərəqə çəkən-qələm...Dərdi çəkərək itirdiyi nurun köməkçisi-eynək...Hər səfərində tərini silərkən alnına bir dərd çizgisi daha yazan-cib dəsmalı...Və ən əsası Bəxtiyarı nizama çəkən kitab-Qurani-Kərim...Başqa heç nə...
Hə, bir də o evdə Bəxtiyarın sevərək daşıdığı kostyumu vardı...İlk görcək Bəxtiyara sual vermək istədim... Şair, neçə səfər geyindin onu? Neçə səfər onunla çıxışlara qatıldın? Neçə misra onunla şeir dedin? Neçə səfər onunla doğum günü qarşıladın? Neçə tel onunla saç ağartdın?
Bəxtiyarın kostyumuna baxdıqca ardı-arası kəsilməyən suallar boğazımda ilişib düyünlənirdi...Suallarımı verə bilməyəcəyimi anlayıb, Bəxtiyarın evini tərk edib, hüzurun bağçasına çıxdım. Lakin Bəxtiyar məni tərk etmədi...Bəxtiyar məni burada da gözləyirdi... Bəxtiyarın bağçası da elə onun özü idi...Boğazımdaki düyünləri dərmək üçün bağçadaki oturacağa əyləşdim. O bağçanı diqqətlə süzürdüm.Onu dərk etdim ki, burada quşlar bir başqa səssiz pıçıltı ilə cəh-cəh vurur, külək bir başqa səssiz əsir, günəş bir başqa Bəxtiyarın sevdiyi səma rəngində aydınlanırdı.Çox keçməmiş hüzur evindən gedəsi oldum. Çıxarkən ardıma baxdım...Bəxtiyar artıq arxada qalmışdı,mənimlə deyildi. O, öz evində hüzuruna alacaq növbəti qonağın yolunu gözləyrdi...Elə təzəcə çıxmışdım ki, yağış atmağa başladı.Anladım ki, Bəxtiyardı... sağ- salamat gedim deyə ardımca su atır...