• 19 Mart 2024
logo
UYĞUN - müasir özbək ədəbiyyatının ikişafında xüsusi xidmətləri olan sənətkar

UYĞUN - müasir özbək ədəbiyyatının ikişafında xüsusi xidmətləri olan sənətkar

* Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905 -ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olub. Uyğun onun təxəllüsüdür. Adı və soyadı Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirib.

O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil alıb. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirib. Uyğun 1927-ci ildə Səmərqəndə gəlib və Səmərqənd Pedaqoji Akademiyasına daxil olub. Səmərqənd ədəbi və elmi mühiti onun bədii və elmi yaradıcılığının yüksək mənada formalaşmasına ciddi təsir göstərib. Səmərqənddə o, dövrün ən tanınmış şəxsiyyətlərindən olan Həmid Alimcan, Daşpolad Sədi, Nəsrulla Axundla yaxından tanış olur. Uyğun 1930-cu ildə təhsilini başa vurur və əmək fəaliyyətinə başlayır. O, 1930-1947-ci illərdə Özbəkistan Yazıçılar Birliyinin rəhbər işçilərindən biri olub. Uyğun 60-cı illərdən başlayaraq ömrünün sonuna qədər məsul vəzifələrdə işləməyə maraq göstərib, bədii yaradıcılıqla ciddi məşğul olmağı üstün tutub.

Uyğun bədii yaradıcılığa 1925-ci ildə başlayıb. Şairin “Bahar sevincləri” adlı ilk şeirlər kitabı 1929-cu ildə çapdan çıxıb. 1933-cü ildə onun “İkinci kitab” adlı növbəti şeirlər toplusu işıq üzü görüb. Həmin kitab Uyğun yaradıcılığının dönüş nöqtəsi hesab olunur. Az vaxt ərzində Uyğunun “Günəş ölkəsi” (1936), “Uyğun şeirləri” (1936), “Məhəbbət” (1939) və s. adında daha bir neçə kitabı nəşr edilib.

30-cu illərin axırlarından başlayaraq, Uyğun dramaturgiya sahəsində xidmət göstərməyə başlayıb. O, ömrünün axırına qədər 20-dən çox səhnə əsəri yazıb. Uyğunun elmi fəaliyyəti 30-cu illərdən başlayır. Ədəbiyyatşünas kimi onun onlarla elmi-tədqiqat əsəri mövcuddur. Uyğunun tərcüməçilik uğurları da böyükdür. O, ayrı-ayrı illərdə Puşkindən, Lermontovdan, Şevçenkodan, Knlovdan, Şekspirdən, Abaydan, Tukaydan və digər sənətkarlardan özbək dilinə tərcümələr edib.

Bir şair, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim kimi onun xidmətləri qədirbilən xalqı tərəfindən yüksək qiymətləndirilib. O, 1965-ci ildə xalq şairi fəxri adına layiq görülüb. 1967-ci ildə üç cildlik seçilmiş əsərləri çapdan çıxıb və bu münasibətlə Həmzə adına Dövlət mükafatı alıb. Uyğun 1974-cü ildə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilib, 1985-ci ildə şairə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Uyğun 1990-cı ildə vəfat edib.

Uyğun görkəmli lirik şairdir. Onun “Bahar sevincləri” (1929) adlı ilk şeirlər kitabında toplanan şeirlərində yeni cəmiyyətin ruh və duyğuları əks etdirilib. Uyğunun 30-cu illər poeziyası onun yaradı-cılığında dönüş nöqtəsi hesab olunur. Belə ki, şair bu illərdə yazdığı şeirlərində Vətən, azad insan obrazı yaratmağa xüsusi maraq göstərib. Eyni zamanda 30-cu illər yaradıcılığında Uyğun peyzaj, mənzərə nümunələrinin mahir yaradıcısı kimi də tanınmağa başlayıb. Şairin “Nəzir atanın qəzəbi”, “Briqadir Kərim”, “Günəş ölkəsi” və s. şeirləri ideoloji təbliğat səpkili nümunələr olsa da, bu əsərlərdə fədakarlıq, əməksevərlik, xalqa bağlılıq daha çox diqqəti cəlb edir. Məsələn, “Nəzir atanın qəzəbi” şeirində görürük ki, Nəzir ata pambıq tarlalarına ziyan verə biləcək yağışın yağmasından çox narahatdır. Buna görə o, göyün üzünü almış qara buluddan qəzəblənir.

Asta-asta bulud aldı göyləri,

Dumanlandı qaş-qabağı qocanın,

Göyə baxdı, incik-incik deyindi:

“Heçyağışmyeridirmi, sən canın?!”...

“Bu lənətə gəlmiş hayandan gəldi,

İş-gücümüz başdan aşan zamanda?!

Əlac tapsam, mərdimazar buludu

Didik-didik didiklərdim bir anda...”

İlk anda bu parçalar 30-cu illər ədəbiyyatında özünü göstərən reklamçılıq və şüarçılıq təsiri bağışlayır. Lakin dərindən diqqət etdikdə bu hallardan başqa şeirdə əməyə, zəhmətə çağırış və qiymətin poetik ifadəsini də müşahidə etmək mümkündür:

Ürəyində qeyrət qanı çağladı,

Bu təpərdən işıqlandı baxışı.

Qürur ilə addımladı tarlaya

Hiss etmədi bulud tökən yağışı.

Uyğun 30-cu illərdə yazdığı poemalarında da yeni həyat, yeni insan, yeni adət və ənənə problemlərinə xüsusi fikir verirdi. “Candəmir”, “Ukrayna elləri”, “Mart günlərində” və s. poemalarında şair məsələlərə 30-cu illər dövlət siyasətinin tələblərinə uyğun münasibət bildirirdi. Məs., “Candəmir” poemasının qəhrəmanı Candəmirin həyatının keçmiş və indiki dövrlərin timsalında həyatın, dövrün yaxşı mənada dəyişməsinin təsviri bilavasitə dövlət ideologiyasına xidmətlə bağlanır.

Böyük Vətən müharibəsi dövründə Uyğunun yaradıcılığı məzmun və ideya baxımından yeni keyfiyyətlər kəsb etdi. Bu mövzuda yazılmış əsərlərində o, qəzəb və nifrət, sevgi və məhəbbət problemlərini yüksək sənətkarlıqla əks etdirə bildi. Düşmənə nifrət, vətənə sevgi və məhəbbət bildirən şeirləri şairin vətənpərvərlik hisslərinin güclü və böyüklüyündən xəbər verir. Uyğunun müharibə dövründə çap olunmuş və bilavasitə xalqın vətən sevgisini özünə əks etdirən “Zəfər təranələri” (1942), “Qəzəb və məhəbbət” (1943),”Şeirlər” (1949) adlı kitablarında cəmlənən şeir nümunələri bu baxımdan xarakterikdir.

Uyğunun “Döyüşçü dostuma”, “Qəhrəman”, “Partizanlar”, “Qəzəb”,”Səni mən tanıyıram”, “Salyut”, “Zəfər hilalı” və s. şeirləri alman faşistlərinə qarşı xalqın aşıb-daşan qəzəbini ifadə etmək və adamların qələbəyə inamını nümayiş etdirməkdə əhəmiyyətlidir. Məsələn, “Qisas” şeirində ağ saçlı ananın düşməndən qisas almaq cəhdi, “Vətən haqqında nəğmə” şeirində böyük hörmət və məhəbbətlə yad olunan ana vətən obrazı təsvir olunub. Böyük Vətən müharibəsindən sonrakı dövrlərdə Uyğun yaradıcılığında müharibə mövzusuna müraciətlə yanaşı, həm də müharibədən sonrakı vaxtlarda adamların həyatı, iş şəraitləri, istək və arzularını özündə əks etdirən əsərlər yaranmağa başladı.

Uyğun 40-70-ci illərdə “Hədiyyə” (1946), “Özbəkistan” (1947), “Həyat eşqi” (1948), “Şeirlər” (1963), “Qəlbimdə bahar” (1965), “Poemalar” (1972), “Əsərlər” (1979) və s. şeir kitablarını çap etdirməyə mü¬vəffəq olub. Şair, yaradıcılığında gələcəyə inamı, ümidi böyük olan bir sənətkar təsiri bağışlayır. “Salam, gələcək!” şeiri bu səpkidən olan şeirlərin ən mükəmməli və maraqlısıdır. Şeirdə şairin gələcəyə olan ina¬mı əslində tarixə, bu günə olan hörmətin, etiramın təcəssümüdür. Əsərdə həmçinin bəşərilik hissi də özüməxsus tərzdə səciyyələndirilib:

Salam sənə, ey gələcək! Ey gələcək insanlar!

Salam sizə, ana Vətən! Mənim elim-ulusum!

Gələcəyi mən görməsəm, doğma xalqım görəcək,

Qulaqlardan getməz mənim şərqilərim, gur səsim!

Uyğun satirik şeirlər müəllifi kimi də gözəl nümunələr yaradıb. O, öz satiralarında paxıllıq, vicdansızlıq, əliəyrilik, laqeydlik və s. neqativ hallara qarşı barışmazlıq və etiraz nümayiş etdirib, bütün eybəcərliklərin satirik tərzdə ifşasına nail ola bilib.

Uyğun müasir özbək ədəbiyyatında uşaq ədəbiyyatının ustad nümayəndələrindəndir. “İki ana”, “Bağımda gül əkdim”, “Quşlar gəldi”, “Düşərgədə” və s. şeirləri Uyğunun uşaq ədəbiyyatı nümunələrinə daxil olan gözəl şeirlərdəndir. Həmin şeirlərdə vətənə, torpağa bağlılıq, elmə, biliyə həvəs, böyüklərə hörmət və s. hisslər böyük ustalıqla,sadə deyim tərzində uşaqlara aşılanır. “İki ana” Uyğunun uşaq şeir nümunələrinin ən təsirlisidir. Şair ana deməklə həm vətəni, həm də doğma ananı nəzərdə tutur. Bunlardan biri insana süd, o birisi isə çörək verir. Şair bu iki müqəddəs varlığa eyni məhəbbət bildirməklə uşaqların vətən və ana qarşısında olan borclarını bir daha canlandırmış olur:

Mənim iki anam var,

İkisi də mehriban.

Biri mənə süd verdi,

Biri də şirin çörək.

(Sətri tərcümə)

Uyğun yaradıcılığında 40-cı illərin başlanğıcı yeni bir sahənin yaranması şəklində xarakterizə olunur. Artıq bu illərdən başlayaraq o, ardıcıl olaraq dramaturgiya ilə məşğul olub. “Əlişir Nəvai” (1941), “Ana” (1942), “Həyat nəğməsi” (1947), “Novbahar” (1949), “Hürriyyət” (1958), “Dostlar” (1961), “Müqəddəs borc” (1965), “Əbu Reyhan Biruni” (1973), “Əbu Əli ibn Sina” (1980) və digər dramlarıilə Uyğun özünün səhnə əsərləri yaradıcılığında böyük nüfuz sahibi olmasını təsdiqləyə bildi.

Dramaturqun İzzət Sultanovla birlikdə yazdığı “Əlişir Nəvai”, “Əbu Reyhan Biruni”, “Əbu Əli ibn Sina” əsərləri ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığının təsviri ilə bərabər, həm də xalq-ların tarixi keçmişinin işıqlandırılmasına xidmət göstərib.

“Əlişir Nəvai” dramında böyük özbək şairi və siyasi xadimi Ə.Nəvainin obrazı canlandırılıb. Müəllif dövrün hadisə və əhvalatlarını təsvir etməklə ictimai-siyasi şəraitin mürəkkəb ziddiyyətlərini göstərir, tarixi realist planda adamların həyat tərzinin ağırlığını əks etdirir. Ona görə də dramda Ə.Nəvai şair, mütəfəkkir olmaqdan çox ədalətli dövlət xadimi, zülmə qarşı etirazı ilə seçilən xalq adamı təsiri bağışlayır. Ə.Nəvai əsərdə böyük islahatçı rolunda çıxış edir. O, xalqın azadlıq və xoşbəxtliyini təmin etmək üçün ədalətli şah və mərkəzləşdirilmiş dövlət arzusu ilə yaşayır. Ona görə Ə.Nəvai Hüseyn Bayqaranı dövləti ədalətlə idarə etməyə çağırır.

Pyesdə Ə.Nəvainin şəxsi həyatı da təsvir olunub. Lakin müəllif Nəvainin şəxsi həyatı fonunda onun ictimai görüşlərinin tərənnümünə yer verir. Əsərdə bütün obrazlar canlı və dinamik təsir bağışlayırlar. Nəvainin sevgilisi Gülü, vəzir Məcidəddin, şair Cami, nökər Turdı, casus Mənsur və b. surətlər, demək olar ki, əksər hadisə və əhvalatların mərkəzində dayanır, müəllif mövqeyinin açılmasında istifadə obyek-tinə çevrilirlər.

Uyğun bir çox dramlarında müasir həyatın vacib problemlərinə toxunub. “Hürriyyət” və “Pərvaz” pyeslərinin mövzusu 50-60-cı illərdə baş vermiş real hadisələrdən götürülüb. Hər iki əsərdə müasir dövrün kənd həyatı, kolxoz təsərrüfatında baş vermiş dəyişikliklər, dövlət və idarəçilik mexanizmi prinsipləri əsas təsvir obyektinə çevrilib.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor