• 26 Sentyabr 2020
logo
Xalq artisti: "Qanunlara tabe olmağı və nizam-intizamla yaşamağı öyrənməliyik"

Xalq artisti: "Qanunlara tabe olmağı və nizam-intizamla yaşamağı öyrənməliyik"

“Bu, bir qlobal fəlakətdir, təkcə Azərbaycanla bağlı deyil. Bütün dünya bu xəstəliyin əlində çarpışır”.

Bunu açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Onun sözlərinə görə, hazırkı dövrdə hər xalq, hər ölkə özünü öz bildiyi şəkildə müdafiə etməyə çalışır: “O ölkələr ki, əvvəl bu məsələlərə saymazyana yanaşdılar, durumları göz qabağındadır, ən çox insan itkisinə, ən çox yoluxmaya məruz qalan da həmin ölkələrdir. Bəziləri deyirlər ki, bu, siyasi, iqtisadi oyundur. Adını nə qoyursuz, qoyun, bu xəstəlik bu gün insanlığa meydan oxuyur, can alır. Ona görə də bizə özünü qorumaq daha vacibdir”.

Xalq artisti vurğulayıb ki, dövlət rəhbərinin, müvafiq strukturların vəziyyəti ələ alıb işi düzgün qurması nəticəsində Azərbaycan ən az itkiyə məruz qalan və ən az yoluxmanın olduğu ölkələrdəndir: “Biz bunu qoruyub saxlamalıyıq. “Məndən ötdü, mənə heç nə olmaz” anlayışı ilə yanaşmaq özünə də xəyanətdir, ailəsinə də, sevdiklərinə də, millətinə, dövlətinə. Bunun başqa adı yoxdur. Nəhayət, qanunlara tabe olmağa və nizam-intizamla yaşamağı öyrənməliyik. Böyük şairimiz Məmməd Arazın dediyi söz var: “Məndən ötdü, qardaşıma dəydi”. Qardaş, bu gün xəstəlik səndən ötür, amma qardaşına dəyə bilir. Bəs nə edək? Təmizliyimizə riayət edək. Qayda-qanunlarla yaşamağı öyrənək, nizam-intizamlı olmağa çalışaq. Bu, həm də hər xalqın, hər millətin imtahanıdır ki, yaşamaq haqqı var, ya yox. Hər xalq öz yaşamaq haqqını özü qazanır. Ona görə də gəlin, ailəmizə, qonuş-qonşumuza, sevdiyimiz insanlara və millətimizin nümayəndələrinə münasibətdə bir az vicdanlı, əxlaqlı olaq ki, bir-birimizi qoruyaq. Evdə qalmaq lazımdırsa, evdə qalmalıyıq. Xəstəlikdən ancaq qorunaraq xilas olunur”.

Nurəddin Mehdixanlı vətəndaşlara da müraciət edib: “Artıq kifayət qədər ömür yaşamış bir insan olaraq hər bir azərbaycanlıya müraciət edirəm; bir qardaş kimi, bir əmi kimi, bir dayı kimi, bir sənət adamı kimi və nəhayət, bir azərbaycanlı kimi. Gəlin, bir-birimizi qoruyaq ki, ölkəmizi qoruyaq, millətimizi qoruyaq. Gəlin bir-birimizi qoruyaq ki, ailələrimizi qoruyaq, sevdiklərimizi qoruyaq. Bir dövlət qurmuşuq, 30 ildir müstəqil, azad ölkədə yaşayırıq. Gəlin, bu müstəqilliyimizin, azadlığımızın dadını çıxaraq. Ona görə də bu gün bir-birimizi qoruyaq ki, Azərbaycanımızı qoruyaq, bir-birimizi qoruyaq ki, millətimizi, dövlətimizi qoruyaq. Gəlin, bir-birimizi sevərək yaşatmağı və yaşamağı bacaraq”.