• 7 İyul 2020
logo
Mədəniyyət Nazirliyi: Asəf Zeynallının məzarı ilə bağlı vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq

Mədəniyyət Nazirliyi: Asəf Zeynallının məzarı ilə bağlı vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq

“Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb”.

Bunu açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyatı dövlət qurumları məşğuldur: “Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A. Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir: “Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu. Sadəcə bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.