• 22 İyul 2024
logo
Azərbaycanlı bəstəkar türkiyəli tələbələr tərəfindən rol modeli olaraq seçilib

Azərbaycanlı bəstəkar türkiyəli tələbələr tərəfindən rol modeli olaraq seçilib

Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin “Best of Kültür 2024” (Mədəniyyət sahəsinin ən yaxşıları) mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafatçılar Türkiyənin İstanbul Mədəniyyət Universitetinin tələbələri arasında musiqi, idman, sənət, ədəbiyyat, elm kimi müxtəlif sahələrdə Türkiyə və dünyada uğur qazana insanlarla bağlı keçirilən sorğu əsasında müəyyən ediliblər.

Hər il müxtəlif mövzularda keçirilən mərasim bu il “Türkiyə Cümhuriyyətinin 100-cü ilinə damğa vuran rol modeli adlar”a həsr edilib.

Turan Manafzadə müsabiqənin “Yüzüncü ilin ən uğurlu qadın bəstəkarı” mükafatına layiq görülüb.

Bununla bağlı AZƏRTAC-la sevincini bölüşən azərbaycanlı bəstəkar deyib: “Bu mükafat mənə Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünə ithafən bəstələdiyim, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının rəmzlərindən birinə çevrilən “Türkiyə 100” adlı marşım vəsiləsilə təqdim edildi. Ən səmimi duyğularımla ərsəyə gətirdiyim əsərimin dalğalanaraq Türkiyənin bütün vilayətlərinə yayılması, dövlət müəssisələrində keçirilən tədbirlərdə səsləndirilib, məktəblərdə oxunması, hətta digər türkdilli dövlətlərdən də sədasının gəlməsi olduqca qürurvericidir. Bu gün Türkiyənin bütün məktəblərində şagirdlərə attestatlar təqdim edilib. Ölkə üçün bilik bayramına çevrilən bu gün belə şagirdlər marşımı ifa edərək videoya çəkib mənə göndərirlər. Bunun verdiyi qürur, sevinc hissini sözlərlə ifadə etmək çətindir. Ən əsası isə odur ki, mənə bu mükafatı təqdim edən Türkiyənin gələcəyinin təminatı olan gənclərimiz məhz azərbaycanlı, türk qadınını özlərinə rol modeli seçiblər. Bu, mənim üçün ən ali mükafatdır”.

Xatırladaq ki, bu il oktyabrın 23-dən etibarən bütün musiqi platformalarında yayımlanan “Türkiyə 100” marşının sözləri və musiqisi Turan Manafzadə, orkestrovkası isə Turan Manafzadə və beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadəyə aiddir.