• 22 İyun 2024
logo
Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib.

O, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib.

Tədbir iştirakçıları öz çıxışlarında Müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Nümayiş olunan virtual kitab sərgisində ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, fotoşəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.

Sərgidə Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, əhəmiyyəti, tarixdə tutduğu mövqeyi və ümumilikdə Azərbaycanın müstəqilliyinə dair söylədiyi fikirlər videogörüntülərlə nümayiş olunub, XXI əsrdə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi, müdrik diplomatik siyasəti, qəhrəman Azərbaycan oğullarının şücaəti ilə qazanılan Qarabağ Zəfərinin türk tarixinə daha bir şanlı səhifə kimi yazıldığı qeyd edilib.

Virtual kitab sərgisində “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan ordusunun tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti işığında”, “Cümhuriyyətin təhlükəsizlik orqanları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Yüz ilin işığında”, “Cümhuriyyət xilaskarları” kimi kitabların qısa annotasiyası təqdim olunub.

Məlumat bülleteni və biblioqrafik vəsaitdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu, İstiqlal Bəyənnaməsi, Azərbaycan Xalq Cümhiriyyətinin fəaliyyəti, dövlət sərhədləri, rəmzləri və atributları haqqında məlumat verilir, son illərdə Cümhuriyyətə dair çap olunmuş Azərbaycan, rus və ingilis dilində kitabların biblioqrafik təsviri yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edən kitablar, dövrü mətbuat materialları sərgilənib.