• 6 Dekabr 2024
logo
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin cari və növbəti iki il üçün büdcə məsələlərinə baxılır

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin cari və növbəti iki il üçün büdcə məsələlərinə baxılır

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da öz işini davam etdirir.
Trend-in məlumatına görə, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş Büro iclası barədə məlumat verib. Bildirib ki, Büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. İşçi qrup ciddi sənədlər hazırlayıb və onlar təsdiqlənməlidir. Bu gün büdcə əməliyyat layihələri ilə bağlı sənədlərə baxılacaq.
Ümumdünya İrs Siyahısında olan Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbii qoruğunun bərpası və konservasiyası, idarə olunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.
Sonra maliyyə və inzibati məsələlər müzakirə olunub. 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. Bildirilib ki, sessiya çərçivəsində işçi qrupun bir sıra görüşləri olub və burada təkliflər səsləndirilib. Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi qrupun işi müsbət qiymətləndirilib.
Qeyd edək ki, bu gün Ümumdünya İrs Komitəsinin 2020-ci ildə Çində keçiriləcək 44-cü sessiyasının ilkin gündəliyi təsdiqlənəcək və sədr, sədrin müavinləri və məruzəçi seçiləcək.