• 19 May 2024
logo
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ 
Kənan Bağırov

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Kənan Bağırov

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin 10-cu sinif şagirdi, skripkaçı, çoxsaylı müsabiqələr laureatı Kənan Bağırovdur.

Kənanın 15 yaşı var. O, 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinfində oxuyur. Yeniyetmə musiqi ilə 5 yaşından məşğul olur. 2017-ci ildən bəri istedadlı skripkaçı onlarla müsabiqədə iştirak edib və əksəriyyətində qalib olub. Kənanın sözlərinə görə, onlardan ən yaddaqalanı 2023-cü ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalı olub.

Skripkaçı deyir: “Bu müsabiqədə birinci yerə layiq görüldüm. Festivalın ikinci turundan sonra biz iştirakçılarla birlikdə Laçına yollandıq. Orada sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Hökümə Əliyeva bizə ustad dərsləri keçdi. Həmçinin cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüz oldu”.

Bu yaxınlarda Kənan Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondunun Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbi ilə birgə təşkil etdiyi “Biz bakıttı balamız” (“Biz xoşbəxt uşaqlarıq”) çoxjanrlı beynəlxalq müsabiqədə iştirak edib. Həmin müsabiqədə istedadlı skripkaçı əsas mükafata layiq görülüb.

“Mənim arzum gələcəkdə Bakı Musiqi Akademiyasına daxil olmaq, onu bitirəndən sonra isə təhsilimi Almaniyada davam etdirməkdir”, - deyə Kənan qeyd edir.

Kənanın müəllimi – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində skripka müəllimi və Simli və nəfəs alətləri kafedrasının müdiri Gülnarə Seyidova şagirdi haqqında çox səmimiyyətlə danışır.

“Kənan 2022-ci ildən sinfimdə oxuyur. Bundan əvvəl o, Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində təhsil alıb və təşkil etdiyim skripkaçılar ansamblının üzvü olub. Kənan çox istedadlı şagirddir, durmadan öz üzərində çalışır, musiqinin məzmununa dərindən nüfuzetmə qabiliyyətinə malikdir. Musiqi əsərlərinin texniki çətinliyi, mürəkkəbliyi onu heç vaxt çəkindirmir. Musiqi onun zövqünə uyğundursa, bu əsərin ifa edilməsi onun əsas məqsədinə çevrilir”.

Müəllimin sözlərinə görə, yuxarıda qeyd olunmuş müsabiqələrdən savayı, Kənan Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Konservatoriyada keçirilən bir çox konsertlərdə, ümumməktəb konsertlərində uğurla çıxış edib.

“Bu yaxınlarda Almaniyada yaşayan azərbaycanlı həmvətənimiz Anar İbrahimov – onu həmçinin Anar Bramo da adlandırırlar – Azərbaycan Dövlət Filarmoniyasının Orqan zalında ustad dərsləri keçib. Kənan da orada çıxış edib. Anar müəllim Kənanın çıxışını çox bəyənib. O, Kənan haqqında çox müsbət sözlər deyib”, - deyə Gülnarə xanım qeyd edib.

Müəllimin fikrincə, müsabiqələr şagirdlərdə məsuliyyət hissini artırır. Onlar həm də uşaqlar arasında sağlam rəqabət yaradır.

“Bu rəqabət nəticəsində daha güclü, daha istedadlı şagirdlər yarışlara buraxılır. Uşaqlar müsabiqələrdə həyəcan, qorxu hissinə üstün gəlməyə və öz istedadını nümayiş etdirməyə nail olurlar”, - deyə Gülnarə Seyidova əlavə edir.

Söhbətdə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin direktoru Məmməd Quliyev də iştirak edir.

Məmməd müəllim deyir: “Torpağımız istedadlı insanları ilə məşhurdur, yaxşı nəticələr əldə etmişik: musiqiçilərimiz respublikanı beynəlxalq müsabiqələrdə, festivallarda uğurla təmsil edirlər. Axır vaxtlar, son 20 ildə bir çox müsabiqələr meydana çıxıb. Burada çıxış 3-5 dəqiqə davam edir... Ən yaxşı halda 2-3 tur keçirilir ... Lakin ifaçıların səviyyəsini bu cür müəyyən etmək olmaz! Onlar fərqli janrlarda ifa etməlidirlər: barokko, impressionistlər, müasir musiqi və sairə. Dünyada sayı 10-a yaxın olan “A” sinifli müsabiqələr var. Onların çox mürəkkəb proqramı var: məsələn, Təl-Əvivdə Rubinşteyn adına beynəlxalq müsabiqə 5 turdan ibarətdir, yəni oraya düşmək üçün çox yüksək səviyyəyə malik olmaq lazımdır. Bu səviyyəyə çatmaq üçün isə güclü təhsil lazımdır. İstənilən təhsil – istər ümumtəhsil məktəbləri, istərsə də musiqi məktəbləri, bir zəncirdir. Bu zəncirin halqalarından biri lazımi səviyyədə deyilsə, hər şey qırılır və heç bir nəticədən söhbət gecə bilməz. Bu məsələdə ən vacib amil kadr potensialıdır. Məsələn, Bakıda 36, rayonlarımızda isə 200 musiqi məktəbi var. Ancaq kadrlar heç də hər zaman kifayət etmir, bu, həlli vacib olan bir problemdir. Təəssüf ki, indi yaranan tendensiyaya görə, məktəb müəllimləri pensiya yaşına çatdıqdan sonra işdən çıxırlar. Ali təhsil müəssisələrində isə 70-80 yaşa qədər dərs deyirlər. Onlar öz biliklərini yeni nəsil musiqiçilərə ötürə bilən təcrübəli, çox bilikli insanlardır. Şəxsən mən hesab edirəm ki, məktəb müəlliminin də yaşı pedaqoji fəaliyyəti üçün maneə olmamalıdır!”