• 18 May 2024
logo
Çində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu keçirilir

Çində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu keçirilir

Çinin Şandon vilayətinin Hıcı şəhərində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumun keçirilməsində məqsəd xalqlar arasında mədəni mübadilənin, ünsiyyətin dərinləşdirilməsinə töhfə vermək və müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq etməkdir. Forumda bir çox ölkələrdən olan həm mədəniyyət, həm də beynəlxalq kommunikasiya ekspertləri iştirak edirlər.

Azərbaycanı forumda AZƏRTAC-ın və AzTV-nin əməkdaşları təmsil edir.

Açılış mərasimində çıxış edənlər bu cür tədbirlərin mədəni mübadilə və dostluğun möhkəmləndirilməsindəki rolundan danışıblar. Forum çərçivəsində müxtəlif tədbirlər, o cümlədən dəyirmi masalar, seminarlar, təqdimatlar keçirilir. Bundan başqa, forum iştirakçıları pion gülünün becərildiyi bağa, beynəlxalq çiçək sərgisi mərkəzinə, incəsənət muzeyinə baş çəkəcəklər.

Forumun adından da göründüyü kimi, tədbir pion gülü ilə əlaqəlidir. Bu da onunla bağlıdır ki, pion gülü Çində çox sevilir və hətta qeyri-rəsmi olaraq ölkənin dövlət gülü hesab edilir. Çində rifahın və uğurun rəmzi kimi qəbul edilən pion gülünün 7-ci əsrdən etibarən imperator sarayının bağında becərilməsinə dair məlumatlar var. Çin sülaləsinin hakimiyyəti illərində (XVII-XX əsrlər) Şandon vilayəti, xüsusən də Hıcı şəhəri pion gülünün yetişdirilməsi üzrə mərkəz olub. Hazırda Hıcı şəhəri Çində pion gülünün ən çox becərildiyi və tədqiqatının aparıldığı, habelə ən böyük ixrac bazası olan şəhərdir. Bu şəhər Çinin pion gülü paytaxtı da hesab olunur. Gözəlliyi, əlvan rəngləri və ətri ilə pion gülü Hıcını populyar turizm məntəqəsinə çevirib. Başqa sözlə, Hıcıda artıq pion mədəniyyəti formalaşıb.