Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

“LiFFt“ festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edi

<b>“LiFFt“ festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edi</b>

Mayın 27-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə dördüncü "LiFFt" festivallar festivalının Azərbaycan keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub

Trend-in məlumatına görə, Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.
Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir.
Təşkilat komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba və Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.
2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin "LiFFt" festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.
Tədbirdə çıxış edən "LiFFt"in təşkilat komitəsinin sədri Marqarita Almuxametova Bakıda keçiriləcək tədbirin festival tarixində ən parlaq səhifələrdən biri olacağına inandığını bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Nəsimi ili" elan etməsi şərəfinə təşkilat komitəsi dördüncü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edilib. Bu il festival çərçivəsində ədəbiyyat forumu, dəyirmi masalar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlər də keçiriləcək”.
Almaniyalı fotoqraf və rəssam Aleksandr Andreyev festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib. O, Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan "Perqamon qurbangahının ikinci həyatı" sərgisindən də söz açıb.
“LiFFt" festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev çıxışında tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtləri haqqında məlumat verib. Qeyd edib ki, bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. Seçim turlarına iyun ayından start veriləcək: “Artıq iki mindən çox yazıçı iştirak etmək üçün müraciət edib. Ev sahibliyi etdiyi üçün Bakıdan festivala 30 yazıçı qatıla biləcək. Bu il nüfuzlu dünya yazarlarından qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu, tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, Dünya poeziyası almanaxının rəhbəri, Ümumdünya Sülh mükafatı laureatı Hadaa Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləri seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək”.
Festivalın Azərbaycan üzrə koordinatoru Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb: “Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud kimi dəyərli spikerlərin adını çəkmək olar. Proqrama Azərbaycanla bağlı daxil olan məqamlardan biri də ölkəmizin populyar ədəbi layihələrindən olan "Söz" layihəsidir. Festivalda daha bir diqqət çəkən məqam əcnəbi yazıçılar arasında keçiriləcək "Mən Azərbaycanı niyə sevdim" müsabiqəsi olacaq. Bu müsabiqədə iştirakçılar şeir və esse formasında öz fikirlərini ifadə edə biləcəklər. Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Bir çox tədbirlərə ev sahibliyi edən Bakımız bu dəfə də maraqlı və ədəbiyyat sahəsi üçün əhəmiyyətli tədbirin layiqincə keçirilməsinə nail olacaq.”
Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçıların da biri olan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi tərəfindən ədəbiyyatın təbliği ilə bağlı bir sıra uğurlu layihələr gerçəkləşdirilib. Dördüncü "LiFFt" festivallar festivalı çərçivəsində də Bakı Kitab Mərkəzində bir sıra layihələr həyata keçiriləcək”.
Mətbuat konfransında dördüncü "LiFFt" festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb.
Vurğulanıb ki, festivalda nüfuzlu ədəbiyyatı nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv