Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Vitse spiker: AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti nəticəsində Azərbaycan parçalanma təhükəsi ilə üz-üzə qalmışdı

<b>Vitse spiker: AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti nəticəsində Azərbaycan parçalanma təhükəsi ilə üz-üzə qalmışdı</b>

Azərbaycanın müstəqilliyinin ilk illərində olduqca təhlükəli vəziyyət yaranmışdı və doğrudan da Azərbaycan paraçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu. Xalqın xilası üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, məlum olduğu kimi, təsadüfən hakimiyyətə yiyələnən, heç bir iqtisadi və siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti dövlət quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan Azərbaycanın təhlükəsizliyinə yönəltmək işində uğur qazanılmasını istisna edirdi:
“Son nəticədə müstəqillik əldə etdikdən qısa müddət sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhükəsi ilə üz-üzə qaldı. Belə bir məqamda xalqın verdiyi düzgün qərar Heydər Əliyevə müraciət olunması və təkidlə hakimiyyətə qayıtması oldu.
Ulu Öndərin hakimiyyətdə kifayət qədər mühüm posta seçilməsi bu prosesi təhlükəsiz məcraya, vətəndaş müharibəsindən xilas yoluna yönəltməyə imkan verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə ölkədəki separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan xalqının və dövlətinin sonrakı taleyinin həllində, dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas amil kimi çxış edib.
Burada mühüm məqamı qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və bundan sonra könüllü olaraq kütləvi şəkildə cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında həyata keçirdiyi Horadiz əməliyyatı ilə Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi işğaldan azad olundu. Nəticədə düşmən atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə qədəm qoydu.
Bundan sonra ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması və xarici siyasətinin müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görüldü. Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində ölkənin düşdüyü siyasi blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin yanlış siyasəti nəticəsində münasibətlərin gərgin olduğu region dövlətləri ilə, habelə dünya siyasətində həlledici rola malik böyük güclərlə əməkdaşlığın mümkün olmasını sübut etdi”.
Vitse spiker vurğulayıb ki, bütün bunlar Azərbayanın siyasi və iqtisadi potensialı yüksək olan bir dövlət kimi formalaşmasına, hətta dünyanın aparıcı dövlətləri ilə tərəfdaş qismində çıxış etməsinə imkan yaratdı:
“Azərbaycanın bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinin qarantı olan münasibətlərin qurulması, bu kontekstdə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçiriməsində milli maraqların qətiyyətlə təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Ulu Öndərin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri keçirildi, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizdə yaşayan bütün xalqların və millətlərin hüquqlarının təminatçısı olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə Azərbaycan diasporunun formalaşdırılmasına, dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsinə nail oldu.
Azərbaycan müstəqillik tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyinin, eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qalır.
Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan Respublikası beynəlxalq təşkilatların bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməsi, bəzilərinin həyata keçirilməsi və digərlərinin də əsasının qoyulması Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan nəinki öz təbii ehtiyatlarının, digər dövlətlərin də enerji ehtiyatlarını Azərbaycandan keçməklə dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli layihələrə imza atdı.
Yeni neft və qaz yataqlarının işlənməsi üçün xarici dövlətlərin nüfuzlu şirkətləri ilə müqavilələr imzaladı. “Əsrin müqaviləsi” sazişinin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətlərinin iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan daha genişmiqyaslı tərəfdaşlar əldə etmək dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində isə Azərbaycan insan hüquq və azadlqıların qorunduğu bir məkanın bərabərhüquqlu iştirakçısına çevrildi. Və biz bu vəzifənin hansı çətin və məsuliyyətli bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları bugünkü və gələcək nəslə çatdırmalıyıq ki, müstəqilliyin nəyin bahasına qorunub saxlandığını dərk etsinlər və unutmasınlar”.