Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Əli Həsənovun təklifi mövcud tələbatı əks etdirir”

<font color=red><b>“Əli Həsənovun  təklifi mövcud tələbatı əks etdirir”</b></font>

Musa Qasımlı: “Televiziyaların yayımlanması məsələsində də konkret addımlar atılmalıdır”

“...Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türk ölkələrinin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Turkiyə regionda hər hansı problemlə rastlaşırsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir”. Bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin VII toplantısında çıxışı zamanı səsləndirib. Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: “Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın...”.
Ekspertlər Baymedia.az-a təkliflə bağlı fikirlərini bölüşdülər.
Millət vəkili Musa Qasımlı bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun təklifi mövcud tələbatı əks etdirir. Millət vəkilinin sözlərinə görə, bu gün biz türk dövlətləri arasında geniş əməkdaşlıqdan danışırıqsa və informasiya sahəsində əlaqələr genişlənirsə, deməli dövlət və ictimai televiziyaların yayımlanması məsələsində də konkret addımlar atılmalıdır: “Hesab edirəm ki, Əli müəllimin söylədiyi fikir türk dövlətlərində sosial sifariş halına gəlib. Əgər həmin təklif reallaşdırılarsa türk dövlətləri və xalqları arasında inteqrasiyanı daha da gücləndirər, bir çox məsələlərin həllinə yardımçı olar”.
Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı dedi ki, AzTV və İctimai Televiziyanın Türk Şurasına üzv dövlətlərdə yayımlanması təklifinin verilməsi çox önəmli hadisədir: “Birincisi, təklifi Azərbaycan Prezidentinin köməkçisi və Administrasiyanın İctimai-syasi şəbəsinin müdiri kimi yüksək vəzifə daşıyan tanınmış ziyalı verib. İkincisi, təklif müəllifi mühüm vəzifə daşıması, zəngin təcrübəyə malik olması ilə yanaşı elm xadimidir və mövzunun incəliklərinə yaxından bələddir. Üçüncüsü, təklif ünvanlanan ölkələr qardaş ölkələrdir və sizin sualda da ifadə olunduğu kimi, təklif qəbul olunarsa, qardaş respublikaların dövlət və ictimai televiziyaları da Azərbaycanda yayımlanacaq. Çox ümid edirəm, inanıram ki, bu mühüm təklif gec olmayan zaman zərfində müvafiq mexanizm əsasında gerçəkləşəcək.
Əli müəllimin təklifi gerçəkləşəcəyi təqdirdə qardaş ölkələr bir-biri ilə bağlı məlumatları üçüncü ölkələrin informasiya resurslarında deyil, birbaşa əldə etmək imkanına malik olacaq. Bundan başqa, qardaş ölkə və topluluqlar bir-birinin ictimai həyatı, mədəni irsi, başqa yenilikləri, habelə televiziya işi sahəsində təcrübə mübadiləsi aparmaq, bir sözlə, bütün əməli çalışma sahələri üzrə bilgiləri gündəlik və birbaşa əldə etmə imkanına sahib olacaq. Bu ortaq türkcə, ortaq əlifba yolunda, ümumən ortaq keçmişdən ortaq gələcəyə gedən yolda daha olumlu sonuclara gətirib çıxaracaq .
Mən işim gərəyi qardaş ölkə və topluluqlarda tez-tez səfərlərdə oluram və əlbəttə, yazarlarla, ictimai fikri qidalandıran insanlarla, gənclərlə və başqaları ilə fikir alış-verişində oluram; bu anlamda, Azərbaycan Prezidentinin köməkçisinin irəli sürdüyü təklifin nə qədər coşqu və məhəbbətlə qarşılanacağını təsəvvür edə bilirəm.
Nə gizlədim, ərazi bütövlüyü pozulmuş, elan olunmamış müharibəyə cəlb edilmiş ölkə olaraq, bizim belə bir tele-mübadiləyə çox ehtiyacımız varr; lakin Türk Şurasının üzvü olan digər ölkələrin də öz həqiqətlərini, problem və uğurlarını yaymaq, çağdaş iqtisadi intonasiyanı unutmadan desək, turizm axınını gücləndirmək və s. baxımından qazanacaqları az şey olmayacaq. Bir də, “niyə”siz, “necə”siz bir yanaşma ilə söyləsək, axı biz qardaşıq. Qardaş qardaşını yaxşı tanımalıdır, qardaş qardaşı başqaları vastiəsi ilə deyil, birbaşa tanımalıdır. İndiki dövrdəsə bir-birini yaxından tanımaq önəmli dərəcədə televizyalardan keçir...”.
Dilçilik Institunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru , dosent Şahlar Göytürk “Əli müəllimin təklifini çox yüksək qiymətləndirirəm. Qaldırılan məsələ təkcə siyasi mahiyyət kəsb etmir, bunu həm də tarixi kökə qayıdış baxımdan çox önəmli hesab edirəm”, - deyə vurğuladı: “Əslində bu təklif ərazi bütövlüyü pozulmuş, işğala məruz qalan Azərbaycandan deyil, Türk Şurasına üzv olan digər dövlətlərdən gəlməli idi. Ağır günümüzdə bizim qardaş türk dövlətlərindən, o cümlədən İslam ölkələrindən umacaqlarımız daha çoxdur. Artıq heç kimə sirr deyil ki, dünyada super güclərin Azərbaycana qarşı ikili və qərəzli mövqeyi mövcuddur. Bunları bilə-bilə qardaş dövlətlərin loyal mövqeyi təəssüf hissi doğurur. 7 ildir ki, Türk Şurası fəaliyyət göstərir, təəssüf ki, bu dövlətlərin liderlərinin işğalçı Ermənistana və onun havadarlarına qarşı ardıcıl və ciddi etirazlarının şahidi olmuruq. Hətta elə müxaifət qüvvələri də tapılır ki, hakimiyyətə gəlmək naminə erməni kartından da istifadə etməyi özlərinə rəva bilirlər. Dövlət televiziyalarımız həmin ölkələrdə yayımlansa, heç şübhəsiz ki, ölkələrimizin əlaqələri də möhkəmlənər, son iki əsrdə Çar və Sovet Rusiyası və havadarlarının başımıza gətirdiyi faciələri dərk edər, ən azından mənəvi cəhətdən bir millət kimi toparlana bilərik. Şübhəsiz ki, qardaş xalqlarımızın Azərbaycana olan sevgisini, mənəvi dəstəyini hər zaman hiss etmişik. Bu təbiidir, çünki biz bir kökdən gələn millətin təmsilçiləriyik. Çox istərdik ki, onların dövlət rəhbərlərində də belə bir iradə olsun. Ərazilərimizi işğal edən, soyqırım siyasəti həyata keçirən Sovet Rusiyasının yaratdığı qondarma bir dövlətlə bütün əlaqələri kəssinlər. Astana görüşündə bir neçə il bundan əvvəl belə bir təklifin olması onu göstərir ki, Azərbaycan tərəfi bu məsələdə israrlıdır. Azərbaycan tarixən türk xalqlarının birliyi üçün çalışan, ideoloji, siyasi tezislərin vətəni olub desək, yanılmarıq. Bu gün də belə bir təklifin gündəmdə olması təbiidir. Əgər tarixə nəzər salsaq görərik ki, hələ vaxtilə Azərbaycan ziyalılarının milli-ideoloji sahədəki xidmətləri hər zaman qardaş xalqlarımız, ölkələrimiz üçün faydalı olub. Əlbəttə, biz də qardaş Qazaxıstan, Qırğızıstanının dövlət televiziyalarının ölkəmizdə yayılmsını istəyirik. İnanıram ki, dövlətimizin nümayiş etdirdiyi siyasi iradəyə sözügedən Türk Şurası üzv dövlətləri ümumi mənafedən çıxış edərək adekvat reaksiya verəcək”.
Siasi şərhçi Azər Həsrət bildirdi ki, bu olduqca əhəmiyyətli təklifdir: “Həqiqətən də digər türk coğrafiyalarında bizim kanalların yayımına, eləcə də onların kanallarının bizdə yayımına ciddi ehtiyac var. Məncə Azərbaycan dövləti vaxt itirmədən ikitərəfli danışıqlara başlamalı, bu ideyanı gerçəkləşdirməlidir. İndiki zamanda bunu etmək heç də çətin deyil. Hörmətli Əli Həsənovun səsləndirdiyi əsaslandırma da olduqca ağlabatan və tutarlıdır. Doğrudan da bizim özümüzü həm də türk dövlətlərində – coğrafiyasında tanıtmağa ehtiyacımız var. Eləcə də digər türk dövlətləri və xalqlarıyla daha yaxın təmaslar bir zərurətdir. Biz buna nail ola bilsək lap elə Qarabağ davamızda belə digər türk xalqlarını daha qətiyyətli şəkildə yanımızda görəcəyik. Eyni qaydada bizim özümüz də digər türk xalqlarıyla yaxınlaşmış olacağıq. Azərbaycan ilk addım olaraq bunu gerçəkləşdirsə, biz AzTV, İTV və digər kanallarımızın türk dövlətlərində heç olmasa kabel üzərindən qarşılıqlı mübadilə şəklində yayımına nail ola bilərik. Növbəti mərhələdə isə ikitərəfli danışıqlar aparıb yerüstü yayıma da nail olmaq mümkündür. Mən əminəm ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türk dövlətləri həvəslə qarşılıqlı yayıma razı olacaqlar. ona də əminəm ki, istər Azərbaycan, istərsə də digər türk dövlətlərinin tamaşaçısı həvəslə bu kanallara baxacaq. Elə isə nəyi gözləyirik? Dövlətin rəsmisi dövlətin iradəsini ifadə edib. Heç bir maneə yoxdur. Yoxdursa, uyğun qurumlar vaxt itirmədən hərəkətə keçməlidir”
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru “Birlik” jurnalının baş redaktoru İlqar İlkin diqqətə çatdırdı ki, Əli Həsənovun təklifi çox maraqlıdır və həyata keçirilməsi zəruridir: “Telekanalların türk dövlətlərində qarşılıqlı olaraq yayılması vacibdir və effektiv nəticələrə səbəb olacaq. Əli müəllimin təklifi reallaşarsa, hesab edirəm ki, ortaq türkcənin formalaşmasına da müsbət təsir edəvək. Həmçinin xalqlar arasında bağların möhkəmlənməsinə gətirib çıxaracaq ki, bütün bunlar vacib amillərdir”.

Əli Zülfüqaroğlu