Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Dəvədən Əli İnsanovu soruşsaq...

<font color=red><b>Dəvədən Əli İnsanovu soruşsaq...</b></font>

Sabiq nazir niyə ciddi partiya yarada bilməz?
Məlumunuz, bu günlərdə keçmiş səhiyyə naziri, məhbəsdən yenicə çıxmış Əli İnsanov “Amerikanın səsi” radiosunun Bakı bürosuna müsahibə verib.
Əli İnsanovun açıqlaması Azərbaycan cəmiyyətinin aktiv kəsimləri tərəfindən ciddi etirazla qarşılandı, sabiq nazirlə bağlı ictimai rəyin nə qədər qəzəbli və dəyişməz olduğu bir daha üzə çıxdı.
Cəmiyyət Əli İnsanova qarşı kəskin neqativ münasibətində, əlbəttə, haqlıdır. O, nazir işlədiyi dövrdə öz troybalist, yırtıcı və korrupsioner təfəkkürü ilə hakim elitanı suallar qarşısında qoyub, səhiyyə sistemində yaratdığı rüşvət piramidasının zirvəsində qərar tutmaqla xalqın canına və malına qəsd edib. Bu sayaq vahiməli keçmişi olan biri, heç şübhəsiz, cəmiyyətin orqanizmində əmələ gəlmiş çibandır, o çibanın bir müsahibə ilə deşilməsi isə təəccüblü deyil.
Həmin müsahibəsində Əli İnsanov yeni siyasi qurum yaratmaq istədiyini, bunun üçün müəyyən danışıqlar apardığını qeyd edir.
Bəs, Əli İnsanovun yaratdığı partiya hakimiyyət uğrunda mübarizənin real subyektinə çevrilə, İsa Qəmbərin, Etibar Məmmədovun, Rəsul Quliyevin, İqbal Ağazadənin, İlqar Məmmədovun və başqalarının bu günəcən bacarmadığı bir niyyəti gerçəkləşdirib də Yeni Azərbaycan Partiyasının iqtidarının sonunu gətirə bilərmi?
Əsla, yox!
Əvvəla ona görə ki, yuxarıda da söz etdiyimiz kimi, Əli İnsanov xirtdəyinəcən çirkaba bulaşmış fiqurdur və cəmiyyətin çeşidli seqmentlərini öz ətrafında birləşdirəcək reputasiyaya sahib deyil.
Yeni siyasət, yeni partiya, yeni idarəçəlik kimi illərdir narazı elektoratın xəyallarını süsləyən anlayışlardan bəhrələnmək üçün təmiz və müsbət reputasiya, gənc və enerjili lider lazımdır.
İkincisi, siyasi partiyaların doğuşu ilə bağlı elmi ədəbiyyatda bir neçə teoriya var, həmin nəzəriyyələrin hər birini incələyəndə Əli İnsanovun yaratmaq istədiyi partiyanın praktikada uğursuz olacağını təxmin etməyə əsas yaradır.
Siyasi partiyaların meydana çıxması ilə bağlı elmi konsepsiyalardan biri modernləşmə teoriyası adlanır. Bu nəzəriyyəyə görə, bir siyasi partiyanı meydana çıxara biləcək ən önəmli faktor cəmiyyətlərin modernləşməsidir.
Bəli, Azərbaycan İlham Əliyevin hakimiyyəti dövründə kifayət qədər modernləşib, sosial, iqtisadi, siyasi və hüquqi baxımdan tərəqqinin və demokratiyanın yeni mərhələsinə ayaq qoyub.
Elə Əli İnsanovun özünün də partiya yaratmaq istəməsi, siyasi təşkilat yaradaraq siyasi mübarizəyə qoşulmaq istəməsi bu modernləşmənin dolayısı ilə təsdiqidir. Lakin Əli İnsanovun anlamadığı və anlamaq istəmədiyi budur ki, İlham Əliyevin liderliyi ilə ölkənin modernləşməsi təhsil, dünyagörüş və ictimai-siyasi şüur baxımından da cəmiyyəti yeniləşdirib. Azərbaycandakı yeni toplumsal düşüncə hərakatı üçün Əli İnsanov olduqca arxaik biridir.
Siyasi partiyaların təşəkkülü ilə bağlı digər bir nəzəriyyə cəmiyyətlərin üzləşdiyi böhranlarla bağlıdır. Bu müstəvidə siyasət biliciləri partiyaların yaranmasını, güclənməsini və seçkilərdə uğura imza atmalarını “kriz nəzəriyyələri”ilə izah edirlər. Belə kriz vəziyyətlərin yaranması üçün bir cəmiyyətdə üç istiqamətdə sosial-siyasi depressiya yaşanmalıdır.
Birincisi, hakimiyyətin, hakimiyyəti formalaşdıran siyasi liderin məşruluğu şübhə altına düşməlidir. Prezident İlham Əliyevin legitimliyi istər hüquqi, istərsə də elektoral baxımdan toz götürmür, istənilən obyektiv sosioloji sorğu ilə aşkar etmək mümkündür ki, xalqımızın böyük əksəriyyəti onu hələ uzun müddət iqtidarda görmək istəyir.
İkincisi, yeni bir siyasi partiyanın doğuşu cəmiyyətdə meydana çıxa biləcək iştirakçılıq böhranı ilə sıx bağlı olur. Əgər diqqət edirsinizsə, Əli İnsanova ən böyük və ən sərt təpki sabiq nazirin öz qalası hesab etdiyi Qərbi Azərbaycan əsilli vətəndaşlarımızdan gəlir. Həmin seqmentin nümayəndələri Azərbaycanın siyasi səhnəsində kifayət qədər fəal yer tutur, hakimiyyətin ən yüksək postlarında təmsil olunurlar. Elektoratın qərbi azərbaycanlılardan ibarət seqmenti iştirakçılıq böhranı ilə üzləşmədiklərinə görə, Əli İnsanovun arxasınca gedəcək deyillər.
Nəhayət, bir siyasi partiyanı “bütünləşmə depressiyası” meydana çıxara bilər. Bu zaman öz dini inancı, etnik mənsubiyyəti, digər demoqrafik göstəriciləri ilə cəmiyyətin üst kimliyinə özünü aid etməyən, edə bilməyən qruplar partiyalaşar siyasi haqlar və imtiyazlar əldə etməyə çalışırlar. Azərbaycanda belə bir problem yoxdur, hətta olsa belə, həmin problemlərlə üzləşə biləcək təbəqələrə Əli İnsanov hətta nəzəri baxımdan da lider ola bilməz.
Beləliklə, sabiq nazirin müsahibəsində ancaq “dəvə və zinqırov” məsələsi marağa səbəb ola bilər.
Gerçəkdən maraqlıdır, görəsən, dəvədən Əli İnsanovu soruşsaq, cavabı nə olar?
Yəqin, dili olsa, eynilə belə deyər: Əli İnsanov, konkret rədd ol, barı mənim adımı bədnam eləmə!
Taleh ŞAHSUVARLI,
AzNews.az