Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“DGK xətti ilə büdcəyə daxilolmaların artmasının səbəbi var”

<font color=red><b>“DGK xətti ilə büdcəyə daxilolmaların artmasının səbəbi var”</b></font>

Baymedia BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Teleqraf.com saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, son günlər Milli Məclis komitələrinin birgə iclasında 2019-cu ilin büdcə zərfinin müzakirəsi keçirilir. Bü müzakairələr, eləcə də gələn ilin büdcəsi ilə bağlı nə deyə bilərsiniz? Yeri gəlmişkən, həmkarınız Vahid Əhmədov müzakirələr zamanı korrupsiya, kölgə iqtisadiyyatına qarşı mübarizə və şəffaflığın yaradılması sahəsində hökumətin islahat siyasətinin artıq nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Dövlət Gömrük Komitəsində kadr dəyişikliyindən sonra gömrük yığımı 800 milyon manat artıb…
- Öncə onu qeyd edim ki, 2019-cu il üçün büdcə gəlirləri 22,917 milyard manat proqnozlaşdırılır. Bunun 11,364 milyardı Dövlət Neft Fondundan transfer olunacaq. Qeyri-neft sektoru üzrə gəlirlərin 54,1%-ni, yəni 4,98 milyardını vergi orqanlarının xətti ilə, 37,4 %-ni, yəni 3,451 milyardını isə gömrük orqanlarının xətti ilə daxilolmalar təşkil edəcək. Bura Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait daxil deyil. DGK tərəfindən daxilolma qeyri-neft sektorundan vergi orqanları xətti ilə daxilolmaların təqribən 70%-ni təşkil edir. İqtisadiyyatı neft və qaz gəlirlərindən asılı olan Rusiyada bu rəqəm 7% təşkil edir.
Rəqəmlərdən göründüyü kimi, iqtisadiyyatımız idxaldan və neft gəlirlərindən ciddi surətdə asılı vəziyyətdədir. Belə bir vəziyyət davamlı olmayacaqsa, DGK xətti ilə daxilolmaların payının çox olmasından, keçən illə müqayisədə idxalın 27.9 % artmasından çox da narahat olmaq lazım deyil. Bu onu göstərir ki, vətəndaşlar proqnozlara görə evdə saxladıqları 10 milyard dollara qədər vəsaiti iqtisadiyyata qoymağa və istifadə etməyə başlayıblar. Məsələn, keçən illə müqayisədə avtomobil idxalı 3 dəfə artıb. Burada manatın kursunun sabitliyi də öz təsirini göstərməkdədir. Bu həm də o deməkdir ki, insanlar maliyyə və iqtisadi sferada aparılan islahatlara inanmağa başlayıblar.
- Bu il büdcəyə daxilolmaların artması istiqamətində görülən tədbirləri necə qiymətləndirirsiniz?
- Prezident İlham Əliyev 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə vergi və gömrük orqanlarında inzibatçılığın təkmilləşdirilməsi və səffaflığın artırılması istiqamətində görülən işləri təqdir etdi, idxalın artmasını sənayenin inkişafı ilə əlaqələndirdi və daxili istehsalın qorunması və sitimullaşdırılması üçün gömrük rüsumlarının artırıldığını qeyd etdi. Həqiqətən də qeyd olunanlar DGK xətti ilə toplanan vəsaitin həcmini kəskin artırıb.
- Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı hansı təkliflərlə çıxış etdiniz?
- Mən Komitə müzakirələri zamanı qeyd etdim ki, vəziyyəti köklü dəyişmək üçün iqtisadiyyatda sürətli artıma nail olmalıyıq. Dövlət Neft Fondu illik 3,7% gəlirlə xaricdə saxladığı 35 milyard dolların bir hissəsini gətirib yerli kommersiya banklarında yerləşdirməlidir ki, sahibkarların aşağı faizli kreditlərə çıxışı olsun. Bu həm də bank sektorunun inkişafına ciddi töhvə verə bilər.
Büdcədən tikintiyə 6,827 milyard manat vəsait ayrılır. “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə görə, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutlan məqsədli proqramlar barədə Milli Məclisə sənəd təqdim olunmalıdır. Amma bizə ümumi formada məlumat verilir ki, 60 yeni layihə maliyyələşdiriləcək, 114 obyekt təhvil veriləcək. Neft Şirkətinə də neftayırma zavodunun yenidən qurulması üçün bizə deyilməyən məbləğdə vəsait ayrılacaq. Yaxşı olardı ki, həmin vəsaitlə şəhərdən kənarda yeni zavodun tikintisinə başlansın. DNF həmin zavoda investisiya qoyarsa, Azərbaycanda daha çox qazana bilər. Hazırda neftayırma zavodu şəhərin mərkəzində yerləşir, gecələr həmin ərazidə nəfəs almaq belə çətinləşir və Allah eləməmiş, texnogen qəza olsa, şəhərin yarısı ciddi problemlə üz-üzə qalacaq.
Hökumət qarşısında qaldırdığım başqa bir məsələ qanunun aliliyinin yüksək səviyyədə təmin edilməsi üçün məhkəmə hakimiyyətinin gücləndirilməsi oldu. Bunun üçün hakimlərin sayı və maaşı artırılmalı, onlar ehtiyacları varsa, mənzillə təmin edilməli, intizam məsuliyyətinə cəlb etməklə onların vəzifədən kənarlaşdırılmasına son qoyulmalı, Konstitusiyaya uyğun olaraq, onlar yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalıdırlar. Güclü məhkəmə hakimiyyəti olmayacaqsa, nə yerli, nə də xarici investorlar iqtisadiyyata əhəmiyyətli həcmdə vəsait qoymayacaqlar.
Başqa bir təklifim də oldu. Hazırda Prezidentin fərmanına əsasən, yol polisi və vergi əməkdaşları tərəfindən təyin olunan cərimələrin, xidmətlərə və hüquqi hərəkətlərə görə tutulan rüsumun 25%-dən 5 %-i Prezident Administrasiyası işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Bu təcrübəyə son qoyulmalıdır. Yox, bu, davam edəcəksə, onda həmin vəsaitin 3%-i də Milli Məclis Aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün ayrılmalıdır. Təəssüf ki, bəzi qərəzli şəxslər bunu guya mənim deputatlara aid etdiyimi yazıblar.
Təklif etdim ki, Prezidentin sərəncamına əsasən, əvvəllər sığorta pulu alıb-almamasından asılı olmayaraq, bütün şəhid ailələrinə birdəfəlik yardım verilməlidir. Dövlətin imkanı olacaqsa, 2-3 ildən bir belə yardımlar edilməlidir. Şəhid ailələri və əlillər üçün mənzil tikintisinə 45,5 milyon manat vəsait ayrılıb ki, bu da yetərli deyil. Uzun illərdir ki, həmin kateqoriyadan olan insanlar mənzil gözləyir. Bu il qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb ki, bu da azdır. Bu vəsaiti ən azı 3 dəfə artırmaq lazımdır. Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə “Paşa Holdinq” qəzalı mənzillərdə yaşayan qaçqınlar üçün böyük bir yaşayış kompleksi tikdi. Digər tikinti şirkətləri belə bir təşəbbüsə qoşula bilmirsə, əminəm ki, onlar vergilərdən azad olunarsa, qazancsız, yalnız əmək haqqı və tikinti materiallarının verilməsi qarşılığında bu nəcib təşəbbüsə qoşula bilərlərlər. Elə etməliyik ki, heç olmasa, yaşlı qaçqınlar həyatlarının sonunu rahat mənzillərdə yaşaya bilsinlər.
- Sizcə, aqrar sektorun inkişafı ilə bağlı hansı tədbirər görülməlidir?
- Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahənin inkişafı üçün ciddi işlər görülür. Bizim təklifimiz ondan ibarətdir ki, fermerlərə hər hansı formada subsidiyaların verilməsi dayandırılsın. Fermerlərin istehsal etdiyi məhsullar onlardan əlverişli qiymətə alınmalıdır. Xaricdən ərzaq idxalına KTN yerli istehsalın həcmini nəzərə alınmaqla icazə verməlidir. Dövlət ehtiyacları üçün yerli mallar alınmalıdır.
Digər bir məsələ. Səhiyyə sistemində ağır xəstəliklərin müalicəsi üzrə 16 dövlət proqramı maliyyələşdirilir. Bu məqsədlə 204,638 milyon manat vəsait ayrılması nəzərdə tutlub ki, bu da artırımalıdır. Bu il keçən illə müqayisədə xərçəng xəstələrinin sayı 3,7 dəfə artıb. Bu ya qida ilə, ya da radiasiya fonunun artması ilə əlaqədardır. Bu məsələ də ciddi araşdırılmalıdır.
- Büdcə müzakirələri zamanı daha hansı sahələrə diqqət ayrılmasını vacib hesab edirsiniz?
- Mühüm məsələlərdən biri universitetlərə ayrılan vəsaitin azlığı ilə bağlıdır. 7 universitetə cəmi 37,5 milyon manat ayrılması nəzərdə tutulub. Universitetlərin böyük əksəriyyətinin yataqxana problemi var. Belə problemi olan universitetlərə ssudalar verilməli, ən geci 3 il ərzində bu problemlər həll olunmalıdır. Belə olarsa, biz xeyli xarici tələbə də cəlb edə bilərik. Əslində bütün sahələrə əlavə vəsait qoyulmalıdır, amma büdcənin kiçik olması buna imkan vermir.
Gələn il ölkədə bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir. Bu məqsədlə siyasi partiyalar üçün ayrılan vəsaitin də ən azı bir neçə dəfə artırılmasına ehtiyac var. Güclü siyasi partiyalar olmadan ölkənin demokratik inkişafını təsəvvür etmək belə mümkün deyil.
Komitə iclasında diqqət çəkdiyim məsələlərdən biri də pensiyaların azlığı ilə bağlı məsələ idi. Hesab edirəm ki, orta ayliq pensiyanın həcmi (241 manat) orta aylıq əmək haqqının (641 manat) 80%-i qədər olmalıdır. Hörmətli Maliyyə naziri bildirdi ki, dünyada ən yüksək göstərici 60%-dir. Qoy dünyada ən yaxşı göstərici bizdə olsun.
İqtisadiyyatımızın sürətli inkişafı üçün vacib məsələlərdən biri də xidmət sahələrinin – “Azəriqaz”, “Azərişıq”, “Azəristilik” və s qurumların özəlləşdirilməsidir. Dövlət idarəetmə xərcləri azaldılmalıdır. Amma əksinə, gələn il daha 19,3 min yeni işçi büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda işə götürüləcək. Biz böyük özəlləşdirməyə getməsək, büdcənin yükünü azalda bilməyəcəyik.
Çatdırıb münasibət bildirə bilmədiyim digər məsələlər barədə yəqin ki, plenar iclasda münasibət bildirəcəyəm.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv