Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

ABŞ-da seçkiyə qatılan azərbaycanlı kimin oğludur?

<b>ABŞ-da seçkiyə qatılan azərbaycanlı kimin oğludur?</b>

ABŞ-da keçirilən aralıq seçkisində əslən azərbaycanlı Adil Bağırov da iştirak edir

Belə ki, həmyerlimiz Ohayo ştatının Mantqomeri vilayət şurasına üzvlük uğrunda mübarizəyə qoşulub. Respublikaçı olan Bağırovun seçkidə qalib gəlmək şansı yüksəkdir.
Axar.az xəbər verir ki, Bağırov ABŞ-dakı seçkidə namizəd kimi iştirak edən ilk azərbaycanlı olaraq tarixə düşüb.
Bağırovun ABŞ-ın siyasi həyatında aktivliyi bir neçə il öncə başlayıb. O, 2013-cü ildə Ohayo ştatının Deyton şəhərindəki Təhsil Şurasının üzvü seçilib. Azərbaycanlı burada 14 min şagirdin təhsil aldığı 30 məktəbə və onlar üçün ayrılmış 500 milyon dollarlıq büdcəyə nəzarət edib.
Adil Bağırov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. O, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təsisçilərindən biridir.
1978-ci ildə anadan olan azərbaycanlı gənc 2013-cü ilin aprelində türk əsilli Sevin Elekdağla ailə həyatı qurub. Onun toyunda Azərbaycan, Türkiyə və ABŞ-dan nüfuzlu şəxslər iştirak edib. Toy mərasiminə qatılanlar arasında hətta ABŞ Konqresinin Nümayəndələr Palatasının eks-spikeri Bob Linvinqston da yer alıb. Linvinqstonun Bağırovun toyunda ləzginka rəqsini oynamağa cəhd etməsi o zaman da böyük maraqla qarşılanmışdı.
Adil Bağırovun atası Toğrul Bağırov kifayət qədər nüfuzlu şəxs sayılır. Rusiyada güclü əlaqələri olan Bağırov 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "Lukoyl”, "Transneft”, "Tatneft” və digər enerji şirkətlərində məsləhətçi kimi çalışıb. Bağırov Rusiyanın “Əsrin müqaviləsi”ndə enerji maraqlarının təmini üçün vasitəçilik edib. Bunun sayəsində “Lukoyl” şirkəti müqavilədən 10% pay alıb.
Bağırov BMT-nin qlobal enerji problemləri üzrə ekspertlərindən biri kimi də tanınır. O, hazırda Moskva Beynəlxalq Neft Klubunun icraçı vitse prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvüdür. Ata Bağırov həmçinin 1996-cı ildən Rusiya Federasiyası hökumətinin nəzdində neft-qaz sahəsində beynəlxalq layihələr üzrə ictimai konsultativ mərkəzin rəhbəri, Rusiya Federasiyası baş nazirinin ştatdankənar məsləhətçisidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv