Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

İsa Həbibbəyli: Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “dil nazirliyi” funksiyalarını həyata keçirəcək

<b>İsa Həbibbəyli: Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “dil nazirliyi” funksiyalarını həyata keçirəcək</b>

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata keçirəcək

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
Qeyd olunur ki, "İnzibati Xətalar Məcəlləsi”nə az qala Milli Məclisin hər iclasında əlavələr və düzəlişlər edildiyi halda "Dövlət dili haqqında” qanunda indiyədək heç bir yeni yanaşma faktına rast gəlinməyib: "Fikrimcə, dil qaydalarının kobud surətdə pozulması hallarına qarşı da müəyyən təsirli tədbirlərin görülməsinə ehtiyac var. İkincisi isə, hesab edirəm ki, qəzet-jurnal redaksiyalarında, xüsusən nəşriyyatlarda redaktor-korrektor işini bərpa etmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanıb ictimaiyyətə çatdırılmasını sürətləndirmək tələb olunur. Çünki dil qüsurlarının bir çoxu sözlərin yazılışı ilə deyilişi arasındakı fərqlərin nəzərə alınması ilə əlaqədardır".
İ.Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanında "televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi” nəzərə çatdırılıb:
"Obyektiv şəkildə diqqət mərkəzinə çəkilən bu ciddi nöqsanlar həmin sahələri təmsil edənlərin özləri tərəfindən də etiraf edilir. Lakin təəssüflər olsun ki, hələ də davam edən bu istiqamətdə təsirli tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən monitorinq şöbəsində kütləvi informasiya vasitələrinin, qəzet və jurnalların dili ətrafında keçirilən müzakirələr, həmin müzakirələrdə Mətbuat Şurası üzvlərinin, ekran-efir və mətbuat nümayəndələrinin yaxından iştirakı ilkin olaraq dilçi alimlərlə mətbuat işçiləri arasında səmərəli bir dialoq yaradıb. Eyni zamanda bu ilin oktyabr ayında ilk dəfə olaraq müğənnilərin, ifaçılıq sənəti ilə məşğul olanların dil xətalarına həsr edilmiş müzakirələrə dair seminar da maraq doğurmuş, diqqətin problemin əsas məqamlarına yönəldilməsinə şərait yaradıb. Lakin mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var".
Akademikin fikrincə, bu baxımdan Prezident fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və qurumun işinin normal səviyyədə təşkili mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaq:
"Bu, bir qədər obrazlı şəkildə desək, bir sıra müstəqil dövlətlərdə tətbiq olunan "dil nazirliyi” funksiyalarını həyata keçirəcək. Prezident İlham Əliyevin imzaladığı fərmanda Monitorinq Mərkəzinin qarşısında duran əsas vəzifələr də konkret olaraq müəyyənləşdirilib: dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək. Ümumiləşmiş şəkildə ifadə olunmuş bu vəzifələr kütləvi informasiya vasitələrinin dili üzərində nəzarəti təmin etməklə bərabər, bütövlükdə ölkəmizdə dövlət dili siyasətinin həyata keçirilməsinin məsuliyyətli və şərəfli vəzifələrinin reallaşdırılmasına geniş üfüqlər açır. Bu baxımdan yanaşdıqda hazırkı mərhələdə bir sıra mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac yaranıb".
AMEA-nın vitse-prezidenti əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı reklam siyasətinə də yenidən baxmağı tələb edir: "Fikrimcə, müstəqil dövlətimizin yeni dil siyasətinin tələbləri baxımından "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa da yenidən nəzər salınmalı, münasib dəyişikliklər edilməlidir. Monitorinq Mərkəzinin reklam məsələlərini diqqət mərkəzində saxlaması günümüzün ən zəruri vəzifələrindəndir. Reklam işinin təşkilinə, bütövlükdə, necə deyərlər, reklam dilinə dair elmi əsərlərin də yox dərəcəsində olması dilçi alimlərimizi düşündürməlidir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv