Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
SİYASƏT

“Bütün sahələrdə islahatlar aparılmalıdır”

<font color=red><b>“Bütün sahələrdə islahatlar aparılmalıdır”</b></font>

Qüdrət Həsənquliyev: “Dövlətdən, bayraqdan küsmək, gileylənmək, incimək olmaz”

Noyabrın 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Təşkilatı məsələlərin müzakirəsindən sonra BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib.
Sədr çıxışını öncə dövlət atributlarımızı qorumaq, onlara hörmət və dəyər vermək borcundan bəhs edib. Bildirib ki, bu il azərbaycanlıların yaşadıqları bütün dünya ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib. Bu tədbirlər gələn il də davam edəcək: "Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günüdür. Qanımız, canımız bahasına əldə edilən bu müstəqilliyi, bu bayrağı qorumaq hamımızın şərəfli bir borcudur. Dövlətdən, bayraqdan küsmək, gileylənmək, incimək olmaz. Dövləti tam formada demokratikləşdirməliyik, qanunun aliliyini təmin etməliyik. Əgər hansısa hakim başının üstündə asılan dövlət bayrağı altında əyləşib ədalətsiz qərarlar qəbul edirsə, bu ədalətsizliyin qurbanları hakimə qarşı mübarizə aparmalıdırlar, dövlətdən inciməməlidirlər. İnsanları bu istiqamətdə maarifləndirməliyik ki, haqsılığa qarşı mübarizə aparsınlar. Vaxtilə ulu babalarımız regionda baş verən siysai hadisələr kontekstindən yoxdan bir dövlət qurublar".
BAXCP sədri Azərbaycanın üç rəngli bayrağının yaranma tarixinə də tarixi baxış edib. Bildirib ki, 1918-ci il mayın 28-də tarixdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi: "Həmin qərarda deyilirdi ki, üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. Bu qərar qonşu dövlətlərin etirazına səbəb oldu və bildirdilər ki, bu bayraq Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı olub. Birinci dünya müharibəsində qalib gəlmiş dövlətlər, xüsusən də ingilislərin təkidi ilə o bayrağımızı dəyişdirib, indiki üç rəngli bayrağla əvəz edildi".
Qüdrət Həsənquliyev üç rəngli bayrağımızın yarnma tarixinə də toxunub. Bildirib ki, yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik: "Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olub. Əfqani "Milli birlik fəlsəfəsi və dinin əsl mahiyyəti" və "İslam birliyi" kitablarında yazırdı ki, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.
Beləliklə, bu bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.
ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”. 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində (indiki Əlyazmalar İnstitutunun binası- Red.) qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur". Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" ifadəsi də XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub".
Qüdrət Həsənquliyev daha sonra Milli Məclisin payız sessiyasında nəzərdə tutulan qanun layihələrinin müzakirəsindən danışıb. Əsasən də tədbir iştirakçılarını 2019-cu il dövlət büdcəsində nəzərdə tutlan xərclər barədə məlumatdırıb. Bildirib ki, bu ildə də əvvəlki illərdə olduğu kimi dövlət büdcəsinin əsas gəlirləri neftdən əldə ediləcək gəlirlər üzərində formalaşdırılıb: "Təqribən vergi sistemindən 4 milyard, 3 milyardan da bir az artıq isə gömrük orqanları hesabına büdcə formalaşacaq, 70 faiz isə neft sənayesi hesabına olacaq. Büdcənin bu cür formalaşması bir daha sübut edir ki, ölkənin qeyri-neft sektoru hələ də inkişaf etməyib.
22-23 milyard manatlıq dövlət büdcədən 7 milyard manat təmir, tikinti işlərinə ayrılıb, dəmir yollarının tikintisinə, neft şirkətinə və s. işlərə xərclənməsi nəzərdə tutulur. Büdcədən yalnız SOCAR-ın borclarını silirik, ya da ona vəsait ayırırıq. Fikir verin, büdcədən 1 milyard manat şəhərin mərkəzində yerləşən neftayırma zavodunun təmirinə ayrılıb. Mən bunun əleyhinə olmuşam, çünki şəhərin mərkəzində fəaliyyət göstərən bir zavodda texnogen bir hadisə baş verərsə bu Bakı üçün faciə ilə nəticələnə bilər. Onsuz da o zavodun nə vaxtsa şəhərdən kənara çıxarılması zərurəti yaranacaq. Bu zavodun fəaliyyəti ancaq əhalinin sağlamlığına zərər vurur. "Star" zavodunun Türkiyədə inşa etməsinin də əleyhinə olmuşam, bu gün də o fikirdəyəm. O zaman məni ittiham edirdilər ki, belə bir fikri söyləməklə türkiyənin əleyhinə olursuz. Təkcə Naxçıvandan Türkiyəyə gedənlərin, İstanbulda hansı acınacaqlı şəraitdə yaşadıqlarını onlara xatırlatdım. Həmin zavod Azərbaycanda tikilməliydi, istehsal bizdə olmalıdir. Yeni iş yerləri açılmalıydı, əhalinin sosial şəraiti yaxşılaşdırılmalıydı. Dövlət büdcəsində gömrükdən gələn gəlir vergidən gələn gəlirə bərabərdir. Ölkə idxaldan asılıdır. Ataların məsəli var - əvvəl evin içi, sonra çölü. Azərbaycan əvvəl öz əhalinin yaşam tərzini yaxşılaşdırmalıdır, sonra xaricə üz tutmalıdır. Bu gün xaricə investisiya yatırırıq, neft emalı zavodları tikirik, orada neftdən emal edilən məhsulları Azərbaycana qat-qat baha qiymətə satərlar. Məgər özümüz burada müxtəlif istehsal müəssisələri yarada bilmərikmi. Neft Fondu bütün vəsaitlərini xaricdə yerləşdirib, xarci ölkələrdə daşınmaz əmlaklar alır, oradan gəlir əldə edir. Halbu ki, o vəsaiti ölkəmizə yatırmaq lazım idi. Xarici banklardan böyük faizlə kredit götürürük və sonra o borcları qaytara bilmirik. Gələn ilin dövlət büdcəsindən 2 milyard manat xarici borclarımız üçün nəzərdə tutulub".
Qünya Həsənquliyev onu da vurğulayıb ki, Dünya Bankının hazırladığı “Doing Business 2019” hesabatında 2017-ci illə müqayisədə builki hesabatda Azərbaycanın yeri 32 pillə irəlilədiyi göstərilib. Xaricilər iddia edirlər ki, Azərbaycanda biznes qurmaq çox asandır: "Düzdür, Ədliyyə Nazirliyində müəssisə qeydiyyatdan kecirmək çox asandir. Amma o müəssisisəni emal və yaxud istehsal müəssisəsinə çevirmək çox çətindir. Sahibkar bunun üçün banklara üztutmaq məcburiyyətində qalır, faizlər isə yüksək. Sahibkar götürdüyü kreditin faizini verə bilmir. İşgüzar insanlar belə kredit götürmürlər. Xarici şirkətlər də artıq Azərbaycana sərmayə qoymurlar. Azərbaycana sərmayə yatırmaq istəyən şirkət və ya fiziki şəxs əvvəlcə bu ölkədəki iqtisadi durumla maraqlanır. İqtisadi islahat aparılmayan, hüquqi təminat ala bilməyən heç bir xarici Azərbaycana vəsait yatırmaz".
Millət vəkili çıxışında bir daha əmək haqqı, pensiya sahəsində islahatların aparmasının vacibliyinə toxunub. Bildirib ki, vahid əmək haqqının təyin olunması üzrə tariflər təyin olunmalıdır, sosial ədalət prinsipləri qorunmalıdır. Son prezident seckilərində şəhid ailələrinə birdəfəlik sığorta pulunun verilməsi ilə bağlı qaldırdığımız məsələ dövlət tərəfindən artıq reallaşdırılıb. Bu günlərdə 150-yə yaxın şəhid ailəsinə bu vəsait veriləcək. Amma mən parlamentdə büdcə məsələsinin müzakirəsində bütün şəhid ailələrinə nəzərdə tutulan vəsaitin verilməsini təklif edəcəm. Əsas gətirirlər ki, o pulun sığorta hissəsi vaxtilə ödənilib. O vaxtı ödənilən pulun dəyəri indiki pulla müqyisədə qat-qat azdır. Bir də niyə dövlət ancaq bir dəfə şəhid ailələrinə vəsait verir. Hər il Böyük Vətən müharibəsi iştirakçılarına dövlətdən vəsait ayrılır. Mən təklif edirəm ki, hər il 11 min manat da olmasa, 2-3 min manat bütün şəhid ailələrinə ayrılmalıdır".
BAXCP sədri daha sonra ölkədə siyasi islahatların da aparılmasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, siyasi islahatlar aparılmasa, ölkədə qanun aliliyinin təmin etmək mümkün olmayacaq: "Məhkəmə, hüquq islahatları siyasi islahatların həyata kecirilməsindən kecir. Beynəlxalq Bankda baş verən məlum hadisələr nəticəsində milyardlarla dolların "itirilməsi" mexanizminin həyata keçirilməsi prosesini xatırlayın. Bunun günahını bir nəfərin cinayəti kimi qəbul etmək yetərli deyil. Axı Mərkəzi Bankın Müşahidə Şurası var. Şura kreditlərin verilməsində iştirak etməlidir, amma formal olaraq yaradılıb. 100 milyon dollarlıq vəsait girovsuz verilibsə, deməli, buna bilərəkdən göz yumulub. Bundan başqa, hökumət üzərində parlament nəzarətini təmin etmədən biz ölkədə ciddi, fundamental dəyişikliklərə nail ola bilməyəcəyik. Amma hökumət parlamentin fəaliyyətini genişləndirmək əvəzinə daxili nizamnaməyə əlavə və dəyişiklik edir. Konstitusiyamıza görə, hakimiyyət bölgüsü prinsipi mövcuddur və mütləq haldır. Prezidentli respublikaların hamısında hakimiyyətin 3 qanadı qarşılıqlı nəzarət və qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərməlidir. Məsələn, prezidenti vəzifəsindən azad etmək üçün mütləq Konstitusiya məhkəməsi parlamentə müraciət edir, parlament prezidentin əməlində ağır cinayət törədib-törətmədiyini müzakirə edir və qəbul etdiyi qərarı göndərir Ali məhkəməyə. Ali Məhkəmə də öz növbəsində rəy verir sonra qərarı göndərir Milli Məclisə, bu orqan da qəbul etdiyi qərarı Konstitusiya Məhkəməsinə göndərir, məhkəmə də 6 gün ərzində öz qərarını verir. Bu çətin proses ona görə yaranıb ki, prezident asanlıqla vəzifədən cıxarıla bilməz. Kiimsə parlament çoxluğunu ələ kecirərsə təkbaşına iş görə bilməsin, prosesi çətinləşdirməkdən ötrü ora məhkəmə hakimiyyətini də salırlar. Bundan başqa Konstitusiyada yazılıb ki, hakim də cinayət törətdikdə vəzifəsindən kənarlaşdırıla bilər. Bu halda da mütləq Ali Məhkəmənin rəyi lazımdır, sonra prezident təqdimat verir və parlament qərar çıxarmalıdır. Deputatın mandatına xitamın verilməsi məsələsinə gəldikdə isə Baş prokurorun təqdimatı əsasında Milli Məclis qərar verir. İş verilir məhkəməyə, məhkəmənin qərarı qanuni qüvvəyə minəndən sonra asanlıqla deputatın mandatını ləğv edir. Bu gün bu sahədə də nəzarət mexanizmi tamamilə pozulub. Hakimi 3 dəqiqəyə intizam məsuliyyətinə cəlb edib vəzifəsəindən kənarlaşdıra bilərlər. Deputatı da həmçinin, parlamentin İntizam komissiyasi qeyri etik davranışına görə, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar qəbul edir və parlamentin sədri tərəfindən MSK-ya göndərilir. Mandat ləğv edildikdən sonra ona deyilir ki, get məhkəməyə şikayət et. Bunları ona görə yada saldım ki, bu sahədə də islahatların aparılmaması gələcəkdə ölkəmizi problemlərlə üz-üzə qoya bilər. Ümid edirəm ki, dediklərimizin alternativi olmadığı özünü göstərəcək və bu islahatlar ölkədə aparılacaq".
Qüdrət Həsənquliyev sonda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub. Bildirib ki, Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi və işğalçı ölkədə baş verən daxili çəkişmələr 90-cı illərdə Azərbaycanda yaşanan hadisələrin eynidir. Partiya sdəri vurğulayıb ki, Azərbaycanda AXC-nin hakimiyyətə gəlməsi və tezliklə süquta uğraması prosesi bu gün Ermənistanda Paşinyan hakimiyyətinin timsalında təkrarlanır: "Ermənistanın sabiq prezidenti Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması, Paşinyanın hakimiyyətə gətirilməsi Rusiyanın planıdır. Ermənistan iqtisadiyyatı bütünlüklə Rusiyanın nəzarətindədir, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Moskvanın əlindədir. Qarabaq münaqişəsinin həlli də elə Moskvadadır".
BAXCP sədri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin riskli ola biləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan iqtisadiyyatı nə qədər inkişaf etsə də, ordu quruculuğuna nə qədər diqqət göstərilsə də, müasir silah və hərbi texnika ilə təchiz edilsə də, Rusiyanın hərbi potensialı qarşısında gücsüz olacağıq: "Beynəlxalq güclər bu məsələ də bizə təzyiqlər göstərirlər. Əgər Azərbaycan Qarabağda müharibəyə başlayarsa o zaman Dağlıq Qarabağın müstəqilliyi tanınacaq və Bakının öz torpaqlarını işğaldan azad etmək üçün başladığı müharibə müstəqil bir respublikaya Azərbaycan tərəfindən təcavüz kimi qəbul edilib, onun müdafiəsinə qalxacaqlar. Rəsmi Moskva da hərdən müxtəlif bəyanatlarla Gürcüstanda baş verən 2008-ci il hadisələrini yaddan çıxarmağımıza işarə edir. Biz belə bir fikirdəyik ki, dövlət suvenerliyimizi itirmədən Rusiya ilə danışıqlara getməli və rəsmi Moskvanın şərtləri ilə tanış olmalıyıq. Əgər Rusiyanın şərtləri müstəqilliyimizin itirilməsi ilə nəticələnə biləcəksə, bu zaman alternativ variantlar barədə fikirləşməliyik. Rusiyanın Azərbaycanda möveyini gücləndirməsindən qorxmamalıyıq. Bəzi qüvvələr iddia edirlər ki, Rusiya bizə hansısa şərtləri qəbul etdirsə, ölkəyə nüfuz etsə, o zaman Azərbaycanda hakimiyyət dəyişikliyi baş verə bilər. Bu yanlış fikirdir. Əgər xalq ölkədə demokratik, hüquqi dövlət qurarsa, o zaman bizdə hakimiyyət dəyişikliyi baş verə bilməz. Fikir verin, ildən-ilə iqtisadiyyatımızı gücləndiririk, ordu quruculuğumuzu inkişaf etdiririk, amma nə dəyişir, heç nə. Çünki Rusiya-Ermənistan müttəfiqliyi mövcuddur. Rəsmi Bakı, Ermənistanın sabiq prezidentləri ilə illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıb. Petrosyan gedir, yerinə Köçəryan, sonra Sarkisyan gəlir, Sarkisyan gedir yerinə Paşinyan gəlir, Paşinyan da gedəcək, yerinə bir başqası gətiriləcək. Demək, biz Ermənistanın hər yeni rəhbəri ilə 5-10 il bu məsələnin həllini çözməliyik. Yenə təkrarlayıram ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı birbaşa Rusiya ilə danışıqlara getməliyik. Amma Moskva bizdən suverenliyimizə zidd şərt irəli sürərsə, o zaman müttəfiqlərimizlə danışıqlara getməliyik, peşəkar və professional ordu qurmaq və böyük vətən müharibəsinə hazırlaşmalıyıq".
BAXCP sədrinin çıxışından sonra söz alan bəzi rayon təşkilat sədrləri öz fikir və təkliflərini veriblər.

Cavid


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv