Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
MƏDƏNİYYƏT

“Saz aşığı” - Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirilib

<b>“Saz aşığı” - Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirilib</b>

Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Saz aşığı” adlı tədbir keçirilib

Sentyabrın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş “Saz aşığı” adlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşib.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova deyib ki, tədbirin Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsinin bir daha əbədiləşdirilməsidir.
Yasamal rayon MKS-nin direktoru, “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, habelə gözəl ifalarından söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə respublikamızda Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verib ki, ictimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin UNESCO-da qeyd olunması barədə danışan natiq söyləyib ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezident Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyinin açılacağını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov tərəfindən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səslənib.
Tədbir çərçivəsində Aşıq Ədalət Dəlidağlı tərəfindən səsləndirilən “Ruhani” və “Orta sarıtel”, Aşıq Əli Pənahoğlunun ifasında isə “Ağır şərili” havaları dinlənilib.
Suraxanı rayon 84 nömrəli məktəbin şagirdi Sadıq Nəbili “Aşıq Ələsgər” şeirini söyləyib.
Sonda tədbir iştirakçıları Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş iki videoçarxa baxıblar.
Qeyd edək ki, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini də ziyarət ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv