Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Radikalizmin “Qordi düyünü”: çözmək yox, kəsmək lazımdır

<font color=red><b>Radikalizmin “Qordi düyünü”: çözmək yox, kəsmək lazımdır</b></font>



Elçin Mirzəbəyli

İyulun ilk ongünlüyündə baş verən hadisələr sübuta yetirdi ki, düşmənlərimiz marığdadır, fürsət gözləyir, əlimiz tətikdə olmasa başımız kötükdə olacaq…
Mingçəverir İstilik Elektrik Stansiyasında baş verən qəzadan, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən terror aksiyasından və nəhayət, yenə də Gəncədə iki polis əməkdaşının xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən təxribatdan sonra hələ də toplum olaraq bir sıra suallara cavab axtarırıq. Niyə? Nə üçün? Sifarişçi kimdir? Baş verənlərin arxasında hansı mərkəz, yaxud mərkəzlər dayanır? Şimaldan, cənubdan, şərqdən, qərbdən, əlimiz və gözünüz yetən bütün istiqamətlərdən sual işarəsi asıb gözləyirik.
Halbuki bu suallara bizdən başqa bir kimsə cavab verməyəcək. Cavablar isə elə sual işarələrini asıb cavab gözlədiyimiz yerlərdədir, uzaqda deyil.

Niyə?

Ona görə ki, Azərbaycan bütün basqı və təzyiqlərə baxmayaraq özünün ənənəvi enerji siyasətini davam etdirir.
Regionda və dünyada baş verən geosiyasi proseslər bəzi ənənəvi enerji ixracatçılarının imkanlarını məhdudlaşdırıb. Baş verənlərin fonunda Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin necə ön plana çıxdığı və alternativdən əsasa çevrildiyi qabarıq şəkildə nəzərə çarpır. Azərbaycanın regional və subregional enerji ixracatçısı və dəhlizi statusu qloballaşır. Əsas olanlar alternativ, alternativ olanlar əsasa çevrilir. Bütün bunların ayrı-ayrılıqda təhlil olunmasına, pərdə arxası və pərdə önü proseslərin ən müxtəlif rakurslardan dəyərləndirilməsinə ehtiyac da yoxdur. Hər şey gözlə görünəcək qədər ortalıqdadır. Bütün bunlardan əndişələnən, narahatlıq keçirən, dəyişən mənzərəni həzm edə bilməyən nə qədər dövlət var ətrafımızda? Xəritəyə baxın, görəcəksiniz...

Haşiyə

Xalqları və onların tarixi yurd yerlərinin, vətənlərinin təbii resurlarını, mədəniyyətlərinı və hətta dillərini istismar edib böyüyən, azğınlaşan, əsilsiz, soysuz düşmənlər var dörd yanımızda... Ortalığa bu qədər nəhəng təbii resursların, çeşidli mədəniyyətlərin yetişdiridiyi insan qaynaqlarının qarşılığında heç ortabab dövlət idarəçilik sistemi də qoya bilməyiblər... Bacardıqları siyasi, hərbi, iqtisadi, mədəni soyğunçuluq, quldurluq, istismardı...
Onillərlə bizdən aldıqlarını belə ortaya çıxara bilməyən bu istismarçıların nağıllarla, əfsanələrlə bəzədilmiş obrazlarını böyüdüblər gözümüzdə... Kiflənmiş və spirt üçün xammaldan başqa heç bir şeyə yaramayan mədəniyyətlərini mifləşdiriblər təsəvvürümüzdə... Nə bilim hansısa şairin, hansısa yazıçının diliymiş bunların dili... Pah... bilməmişik. Saysız-hesabsız institutları, inzibati resursları bütün saxtakarlıqlara, oğurluqlara, mənimsəmələrə rəğmən mədəniyyətlərinin tarixini XVI əsrdən bir addım o yana çəkə bilməyib. XVI əsrdən bu yana yaratdıqlarını isə tərəzinin gözünə qoysan Nizaminin bir misrasını, Nəsiminin bir beytini belə yerindən tərpədə bilməz...

Nə üçün?

Son 15 il ərzində regionun iki ən böyük enerji ixracatçısı olan dövlətin – İranın və Rusiyanın enerji dəhlizlərinin diversifikasiyası istiqamətində irəli sürdüyü heç bir təşəbbüs gerçəkləşməyib. Yaxın Şərqdə baş verən proseslər İranın addım-addım geriləməsinə səbəb olub. Artıq rəsmi Tehranın birbaşa və yaxud “inqilab keçikçiləri korpusu” vasitəsi ilə dəstək verdiyi və məzhəb ideologiyası üzərində formalaşdırdığı əfqan, pakistanlı, İraq, Yəmən, Suriya, Livan və digər ölkələrin vətəndaşlarından ibarət qanunsuz hərbi birləşmələri, ehtiyat hərbi və siyasi qruplaşmaları, cəsus şəbəkəsini dəstəkləklənməsi üçün maliyyə imkanlarının məhdudlaşdığı da nəzərə çarpır.
İran rejimi hər il bu qruplaşmalara və qanunsuz hərbi birləşmələrə 50 milyard ABŞ dolları civarında vəsait ayırırdı. Məqsəd isə ayrı-ayrı güc mərkəzləri ilə qarşıdurmaları ölkənin sərhədlərindən kənara daşımaq, ölkə daxilində ideoloji müstəvidə həmrəyliyə nail olmaq üçün xarici düşmən faktorunu qoruyub saxlamaq və imkan düşdükcə gücləndirməkdən ibarət idi. İndi bu imkanlar azalıb, proses İranın öz sərhədlərinə yaxınlaşır. İranın dəstək verdiyi qanunsuz hərbi birləşmələr mövqelərini itirir və yaxud yaranmış yeni reallıqlarla barışmalı olurlar. Bu isə İran rejiminin öz sərhədləri yaxınlığında yeni bufer zonaları yaratmaq üçün hərəkətə keçməsinə, daha dəqiq desək əl-qol atmasına səbəb olur.
Eyni proseslər Rusiya ətrafında da cərəyan edir. Sanksiyalar bu ölkənin iqtisadiyyatını daxildən və xaricdən sökür. Silahlanma yarışını davam etdirmək, hərbi sənaye kompleksini ən azından qoruyub saxlamaq, MDB və Şərqi Avropa məkanındakı şəbəkələrin fəaliyyətini stimullaşdırmaq, separatçı rejimləri, forpost ərazilərin sakinlərini yedizdirmək və təbii ki, NATO-nun genişlənməsinə qarşı müqaviməti təşkil etmək üçün çox böyük vəsaitlərə ehtiyac duyulur. Bu vəsaitlər isə yoxdur və yaxın zaman kəsiyində olması da gözlənilmir. Əksinə, sanksiyaların təsiri payız aylarından başlayaraq özünü daha qabarıq şəkildə göstərəcək. Bu isə öz növbəsində hazırda Rusiyanın gəlirlərinin 63%-ni təşkil edən enerji sektoruna və təbii ki, hərbi sənaye kompleksinə ciddi zərbə vuracaq. Rusiyanın hərbi sənaye kompleksi ilə bağlı açıqlanan rəqəmlərdəki ziddiyyətlər də vəziyyətin ürəkaçan olmadığını göstərir. Məsələn, rəsmi məlumatlarda qeyd olunur ki, şimal qonşumuzun silahlı qüvvələrinin arsenalında olan hərbi texnika 2020-ci ilə kimi tamamilə modernləşdirilməlidir. Başqa bir məlumatda isə bu ildən etibarən hərbi sənaye kompleksinə verilən dövlət sifarişlərinin 40% -ə qədər azaldılacağı bildirilir. Bu isə qarşıya qoyulan vəzifənin yerinə yetirilə bilməyəcəyini təsdiqləyir. Bu baxımdan da Rusiya hərbi sənaye kompleksini və silahlanma yarışındakı mövqeyini qoruyub saxlamaq üçün ən müxtəlif vasitələrdən istifadə edir, əlinin çata biləcəyi hər yerə saldırır. Rusiya və İran ətrafında baş verən proseslərin normal məcraya yönəlməsi isə o zaman mümkün ola bilər ki, adıçəkilən dövlətlər subregional və qlobal iddialarından əl çəksinlər, qlobal güc mərkəzlərinin maraqlarına təhdid yaratmasınlar.
Tehran və Moskvanın məzhəb və neoimperialist, ultramillətçi ideyalar üzərindən yürütdükləri milli və dini separatizm təbliğatının yaxın zaman ərzində səngiyəcəyi inandırıcı deyil. Amma bu prosesin müəyyən zaman kəsiyindən sonra onların öz daxilinə sıçrayacağı da şübhə doğurmur. Kəmər sıxıldıqca mərkəzdənqaçma meylləri güclənəcək, repressiya və təzyiq, total ideoloji təbliğat nəticəsində qarşısına pərdə çəkilmiş ziddiyyətlər daha da qabaracaq və bu günədək yürüdülən xarici və daxili siyasət bumeranq effekti verəcək.
Bizə isə güclənmək, boşluqları aradan qaldırmaq, önləyici tədbirlər görmək, əhalini ardıcıl və sistemli şəkildə marifləndirmək və səbrli olmaq qalır.

Nə etməli?

Şübhəsiz ki, qarşımızda duran vəzifələrin sayı kifayət qədər çoxdur: İslahatların daha da dərinləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin tam təmin edilməsi, dövlətin ədalətinə şübhə sala biləcək bütün amillərin aradan qaldırılması, sahibkarlığın, qeyri-neft sektorunun sürətli inkişafı, yeni iş yerlərinin açılması, təhlükəsizliyimizə təhdid yarada biləcək bütün faktorlara qarşı önləyici tədbirlərin gücləndirilməsi və s.
Təbii ki, sadaladığım istiqamətdə müvafiq addımlar atılır. Lakin bu proses zamanın dinamikasına, sürətinə uyğunlaşdırılmalıdır.
Radikalizmə qarşı önləyici tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə təhsilin keyfiyyətinin yüksəldilməsinə daha böyük sərmayə qoymaq, təhsilin daha əlçatan olması üçün müvafiq addımlar atmaq lazımdır. Təhsil sahəsində kreditləşmənin genişləndirilməsinə, təhsil müəssisələrində ödənişli təhsilin qiymətlərinin mümkün qədər aşağı salınmasına ehtiyac var. Ali təhsil almaq istəyən istənilən Azərbaycan vətəndaşına bu imkan tanınmalıdır. Bu və ya digər vətəndaş əgər təhsilin sonunda yaxşı mütəxəssis olmasa da, ən azı təhsil müəssisənini müasir dünyagörüşlü, mədəni bir insan kimi tərk edəcək. Digər tərəfdən peşə təhsili istiqamətində aparılan islahatları gücləndirmək, insanlara öz işlərini qurmağı öyrətmək və buna geniş imkanlar yaratmaq olduqca vacibdir.
Radikalizmə qarşı mübarizə indikindən daha geniş vüsət almalıdır. Məscidlərdə xütbə oxumaqla gerçək dinlə radikal cərəyanlar arasındakı fərqi insanlara çatdırmaq mümkün deyil. Din xadimlərimizin böyük əksəriyyəti müasir gəncliyin dilində, onun anlaya biləcəyi tərzdə danışa bilmir, insanları dinin humanizm tərəfi ilə tanış etməyi bacarmırlar. Azərbaycan əleyhinə əsasən xaricdən idarə olunan internet resursları və sosial şəbəkələr vasitəsilə aparılan təbliğata qarşı ciddi, inandırıcı, sadə və lakonik, hər kəsin anlayacağı dildə və həm də peşəkar alternativlər qoymaq lazımdır. Bu proses intensiv və ardıcıl olmalıdır. Çünki təhdidlər də daimidir...
Təbii ki, radikalizmə qarşı ən önəmli və təsiredici tədbirlərdən biri və bəlkə də birincisi bu istiqamətdə sərt və güzəştsiz siyasətin yürüdülməsidir. Radikal dini cərəyanların, ekstrimist qrupların təmsilçiləri başa düşməlidirlər ki, Azərbaycan vətəndaşlarının həyatına təhlükə yaradan, ictimai sabitliyin pozulmasına yönələn istənilən addım onların həyatı bahasına başa gələcək. Heç kim, dövlətə silah qaldıranın “gözünün yaşına baxmayacaq”, başını tumarlamayacaq.
Bunun üçün isə hüquq-mühafizə orqanları üzərində ictimai nəzarəti gücləndirməklə yanaşı, qanuvericiliyə onların zəruri hallarda silahdan istifadə etməsinə imkan yaradan əlavə və dəyişikliklər də olunmalıdır. Qanun keşikçisinin silahlı cinayətkarın, terrorçunun qarşısında silahsız, müdafiəsiz qalmasına əsla yol vermək olmaz!!!
Son olaraq: Radikalizm bütün dövrlərin “Qordi düyünü”dür. Onu çözməyə vaxt qalmayanda kəsmək lazımdır!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv