Son xəbərlər
15 NOYABR
14 NOYABR
13 NOYABR
SİYASƏT

“Boş şeydir, Azərbaycan güclüdür” deyib keçməyin!

<font color=red><b>“Boş şeydir, Azərbaycan güclüdür” deyib keçməyin!</b></font>

Hər şey Elmar Vəliyevin vurulması ilə başladı. Sui-qəsdin ardından Vəliyev haqqında yalan-doğru informasiyalar tirajlandı. Daha çox sosial şəbəkələrdə dövriyyəyə buraxılan bu informasiyaları oxuduqca adamın dodaqları uçuqlayırdı

Nələr yazmadılar ki? Vəzifə səlahiyyətlərindən sui-istifadədən tutmuş, şəxsi adamların əmlaklarının mənimsənilməsi, zorlama, mənimsəmə və s. Hətta bəziləri E.Vəliyevin keçirdiyi hansısa iclasın guya stenoqramını yayaraq vəziyyəti daha da daramatikləşdirirdi. Bir əyalət icra başçısı haqqında plan o qədər sürətlə işləyirdi ki, informasiyaları çatdırıb oxumaq olmurdu. Hələ mən onun oğlu Elmir Vəliyevin adından yayılan və guya gəncəliləri qorxaq adlandıran saxta informasiyaları demirəm. O informasiya ki, dünən – Gəncədə baş verən iğtişaşdan təxminən 7-8 saat əvvəl yayıldı.
İğtişaşa cəhd edən və qismən də olsa buna nail olan “güc(lər)” hər kimdirsə silah kimi daha çox informasiyadan istifadəni üstün tutub. Vəliyevin vurulması anından işə başlayaraq həm sosial şəbəkələrə, həm də təkadamlıq saytlara hesablanan informasiyaların belə sürətlə yayılması təsadüfi ola bilməzdi. Və yaxud da ki, sonradan baş verəcək Gəncə iğtişaşı üçün Vəliyevin vurulması mütləq idi. E.Vəliyev vurulmasaydı onun haqqında dövriyyəyə buraxılan bu qədər informasiyanın “çəkisi” də olmazdı. Adam çıxıb deyəcəkdi ki, yazılanlar belə deyil, elədir və s. İndiki halda heç bir media qurumunun Elmar Vəliyevə əli çatmır. Haqqında yayılan xəbərlər isə təkzib olunmadan ictimaiyyətin qulağını deşir.
Biz və elə hüquq-mühafizə orqanları isə baş verən “tamaşanı” sakit-sakit seyr edirdik. Ola bilsin ki, dövlətin təhlükəsizliyi ilə məşğul olan qurumlar öz işlərini görür, pərdənin arxasındakı “əli” biləyindən qoparmaq istəyirdilər. Yəqin ki, irəliləyən günlərdə hər şey ictimaiyyətə aydın olacaq.
Mənə görə Gəncə hadisələrində sosial problem, məmur özbaşınalığı və yaxud da din faktoru axtarmaq düzgün yanaşma deyil. Lerikə, Yardımlıya, Daşkəsənə, Gədəbəyə baxanda Gəncə Azərbaycanın ən varlı şəhərlərindən biridir. Əlbəttə, bu faktı müəyyənləşdirmək elə də çətin deyil. Hamımız aşağı-yuxarı Azərbaycanı qarış-qarış gəzirik: hansı rayonun daha yaxşı, varlı-karlı yaşadığını o bölgədə inşa olunan fərdi evlər, sürülən avtomobillər, insanların geyim-keçimindən dərhal hiss olunur. Yəni gözlə gördüklərimiz belə deməyə əsas verir ki, bu tip iğtişaşları sosial problemlərə bağlamaq cəhdləri yersizdir. Digər tərəfdən, şablon səslənsə də neftin-qazın hesabına olsa da Azərbaycan regionda bütün qonşularından daha yaxşı vəziyyətdədir.
Məmur özbaşınalığı versiyası da iğtişaş müəlliflərinin düşündükləri ən uğurlu səbəbdir. Əlbəttə, Elmar Vəliyev mələk deyil, böyük bir şəhərin icra başçısıdır, səhvlərdən sığortalanmayıb. Kimisinin torpağını əlindən almaq ehtimalı olduğu kimi, kimlərinsə üstünə qışqırmaq ehtimalı da böyükdür. Lap özündən kiçik ranqlı məmurları vətəndaşın qarşısında təhqir də edə bilər. Bu düzgün addım olmasa da mümkünsüz də deyil. Yəni buna görə adam adamı vurmaz, arxasınca şəhərdə iğtişaş təşkil etməz, ölümə səbəb olmaz...
Din faktoru da bu məsələdə yerinə oturmur. Azərbaycan siyasi rəhbərliyinin təkcə son illərdə tikdirdiyi və təmir etdirdiyi məscidlərin, ziyarətgahların sayı onlarladır. Bakıdan Şəkiyə, Lənkərandan Şamaxıya, Gəncədən Qubaya - hara baxsanız minarələr görəcəksiniz. Yəni bu toplumun “hakimiyyət dini və dindarları sıxışdırır” deməsi də mümkün deyil.
Yuxarıda sadaladığım və hamının da azdan-çoxdan bildiyi səbəblərdən sonra çoxluğun gün ərzindən gəldiyi qənaətə mən də gəlirəm. Bu iğtişaşı Azərbaycandan kənarda hazırlayıb Gəncədə həyata keçirdilər. Dövlətimizi təhdid edir, vəziyyətimizi ağırlaşdırmaq istəyirlər. “Boş şeydir, Azərbaycan güclüdür” deyib keçməyək, ayıq-sayıq olaq, içimizə girib Vətəni içdən dağıtmalarına imkan verməyək.

Niyaz Niftiyev









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv