Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

General Məhəmməd Əsədov kim olub?

<font color=red><b>General Məhəmməd Əsədov kim olub?</b></font>

1991-ci il noyabrın 20-də eşitdiyimiz acı bir xəbər hamımızı sarsıtdı: bir qrup görkəmli partiya və dövlət xadimi olan vertolyot Ağdam bölgəsinə uçarkən Qarakənd kəndi yaxınlığında qəzaya uğrayıb

Əslində, bu, Azərbaycan üçün çox böyük itki idi. Çünki onlar hamısı vətən, torpaq təəssübü çəkən vətənpərvər, qeyrətli eloğlularımız idilər. Həlak olanların arasında Daxili işlər naziri general-mayor Məhəmməd Əsədov da vardı. Dahi Nizami deyirdi: «İgid öz qanında dəstəmaz alır». Cəsarəti, qəhrəmanlığı ilə adını əbədi olaraq tarixin yaddaşına yazan Məhəmməd Əsədov da belə igidlərimizdəndir. O, əsl vətənpərvər idi. Hələ də nəinki Milli Qəhrəman, heç şəhid adını almasa belə, özünü bu torpaq üçün, Qarabağ üçün şəhid etdi.
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər!
Həmin dəhşətli faciədən artıq 20 il ötür. Yaralar isə hələ də təzədir. Nəinki onun ailəsi üçün, elə bütün Azərbaycan üçün, bütün məmləkət üçün bu faciə heç vaxt yaddan çıxmayacaq. Və çıxmamaladır da! Məhəmməd Əsədovun xanımı Məleykə Əsədova ilə üzbəüz oturub o acı anları yenidən xatırlamaq mənim üçün elə də asan olmadı. Məhəmməd müəllim gedərkən xanımına deyibmiş: «Mən qayıdacağam!». O doğrudan da qayıtdı. Onu sevənlərin, Azərbaycan xalqının qəlbində əbədi məskən salmaq üçün…
Məleykə Əsədova
Məhəmməd Əsədovun həyat yoldaşı
«Məhəmmədlə tanışlığımız hələ orta məktəbdən olub. Doqquzuncu sinifdə oxuyanda. Mən Zəngilanın böyük bir qəsəbəsi olan Mincivanda doğulub boya-başa çatmışam. Mincivan böyük dəmiryol stansiyasıdır. O vaxt Naxçıvana və başqa yerlərə qatarlar burdan işləyirdi və yadımdadır ki, orada daha çox dayanardı. «Mincivan» sözünün mənası min cavan deməkdir.
Məhəmməd isə Zəngilanın Baharlı kəndindən idi. Baharlı dağların döşündə, Qəsil çayının kənarında çox səfalı bir yerdə yerləşirdi. Məhəmməd orda dördüncü sinfi bitirəndən sonra Mincivana - mən təhsil aldığım məktəbə oxumağa gəldi. Heç demə, məni orda görüb bəyənibmiş. Ailə qurana qədər bunu bilməmişdim. Orta məktəbi bitirəndən sonra Məhəmməd sovet ordusunda xidmət etmək üçün əsgərliyə gedir. Orada çox hörmət qazanır, komsomol komitəsinin katibi seçilir. Əsgərlikdən sonra Sumqayıt şəhərində işləməyə başlayır. Onu da xüsusi qeyd edim ki, Məhəmmədin həyatının müəyyən hissəsi Sumqayıtla bağlıdır. Oranın adamları ona çox böyük hörmətlə yanaşıblar. Məhəmməd orada sıravi işçidən - betonçudan başlamış, plan şöbəsinin müdirliyinə qədər yol keçir. Amma bu yolu keçənə qədər bir çox-əzab əziyyətlərlə qarşılaşır.
Bir müddət keçəndən sonra valideynləri ona deyiblər ki, vaxtdır, evlən. Məhəmməd dinməyib. Onda atasıgil qayıdıblar ki, bəs Hidayət müəllimin bir qızı var, əgər bəyənsən, o qızı sənə alarıq. Məsləhətdir. Məhəmməd bilmir ki, mən o vaxt orta məktəbdə onun gördüyü qızam. Xalamın qızı Sumqayıtda yaşayırdı, Məhəmmədgil onun yoldaşı ilə qohum idi. Nə isə Məhəmməd gəlir onlara, bir bəhanə ilə mənə baxır və deyir ki, mən bu qızı hələ orta məktəbdən bəyənmişdim. Mən isə heç nə bilmirdim, amma onun görəndə ürəyimdə dedim ki, nə yaraşıqlı, gözəl oğlandır, bax belə bir oğlana ərə getmək istərdim. Hələ bilmirdim ki, artıq o məni görüb, bəyənib. Bizim ailə qurmağımızın tarixçəsi bu cür oldu. Allah arzumu yerinə yetirdi. Ancaq nə biləydim ki, onunla həyatımız çox qısa sürəcək (kövrəlir).
1968-ci ildə ailə quranda artıq Məhəmməd Sumqayt şəhər partiya komitəsində işləyirdi. Mirşahin müəllim (Mirşahin Ağayev - ANS Şirkətlər Qrupunun vitse-prezidenti - red.) məndən müsahibə alan günü noyabrın 17-də bizim toy günümüzün ildönümü idi.
O dövrdə işləmək indiki kimi deyildi, çətin idi. Çünki məsuliyyət böyük idi. İndi adamları işdən çox asan çıxarırlar. Amma o vaxt elə deyildi. Məsələn, Məhəmmədin işlədiyi idarədə kimisə işdən azad etmək məsələsi vardısa, işdən evə gələndə özü ilə böyük bir qovluq gətirirdi. İşçinin iş fəaliyyətini tamam nəzərdən keçirir, yazıb büroya çıxarır, orada müzakirə edirdilər. Özü də o vaxt bütün sənədlər rusca yazılırdı, indi şükür ki, öz ana dilimizdə yazılır. Məhəmməd rusca təhsil almamışdı, amma öz üzərində çox işləyirdi. Təsəvvür edin ki, hətta ruslar özləri məəttəl qalırdılar ki, Azərbaycan bölməsini qurtaran bir adam rusca belə səlis yazır və danışır. Bütün günü mütaliə edirdi. Zülmlə nail olub hər şeyə. Vallah, heç «arxası» da olmayıb. Atası savadsız bir kişi olub. Onların ailəsində heç kimin ali savadı olmayıb, Məhəmməddən başqa. Öz gücü, iradəsi, əzab-əziyyəti sayəsində gecəsini gündüzə qatıb, deyim sizə ki, yeri qaşıya-qaşıya, cırmaqlaya-cırmaqlaya bütün sahələrdə əziyyət çəkib, pillə-pillə ucalıb, gəilb o mərtəbəyə çatmışdı. Heç kim ona bir köməklik, yardım etməyib. Bacarığına görə ucalıb həmişə. Onu harayasa təyin edəndə əvvəlcədən heç özü də bilmirdi.
1986-cı ilə qədər Beyləqanda birinci katib (icra başçısı - red.) işləyirdi. Sonra yaxşı işinə görə Məhəmmədi Mərkəzi Komitəyə gətirdilər. 88-ci ildə məlum hadisələr başlayanda mitinqlər keçirilirdi. O mitinqlərdə hökumətdə təmsil olunan bütün vəzifəli şəxslərin adları mənfi mənada hallanırdı. Yadımdadır, bir dəfə Məhəmməd evdə mənə dedi:
- Əgər o mitinqlərdə bircə dəfə mənim adımı çəksələr ki, Əsədov filan işi elədi, həmin gün vəzifəmdən istefa verəcəyəm. Düşünərəm ki, deməli mən xalqıma yaramıram.
Bilirsiniz, bu insanın xalqa, torpağa məhəbbəti çox güclü idi. Bunu sözlə ifadə edə bilmirəm. MK-da işləyəndə də, nazir olanda da bütün günü cəbhə zonasında olurdu. Sumqayıt hadisələrini eşidən kimi hamıdan qabaq özünü ora yetirdi. İnanın ki, evə nə vəziyyətdə gəldi. O hadisələr zamanı camaatı necə ayağa qaldırmışdılarsa, maşınları aşırır, evləri yandırırdılar. Hökumət nümayəndələrindən heç biri qorxusundan ora gedə bilmirdi. Camaatın gözü heç kəsi görmürdü. Məhəmməd hadisəni eşidən kimi özü od-alovun içinə gedir. O vaxt Mərkəzi Komitədə işləyirdi. Camaat hökumət nümayəndəsinin gəldiyini görüb maşına hücum çəkir. Ancaq biləndə ki, Məhəmməd onun içindədir dərhal hamı bir-birinə «ay camaat, qayıdın, qayıdın, Əsədovdur gələn!» - deyə cavanlı-qocalı hamı yığışıb çəpər kimi maşını əhatəyə alıb qoymayıblar ona xətər toxunsun. Məhəmməd Sumqayıtda işlədiyi dövrdə onların o qədər hörmətini qazanmışdı ki, onun adı gələn yerdə bütün sumqayıtlılar heç bir söz deməzdilər. Məhəmməd bu hörməti özü qazanmışdı.
Məhəmməd o hadisələri öz gözləri ilə görəndən sonra axşam evə gələndə onu sanki tanımadım. Dəhşətə gəlmişdi. Mən ilk dəfə idi ki, onu bu qədər kədərli, narahat görürdüm. Az qalırdı başını divara vurub ağlasın. Deyirdi:
- Bunu törədənlər kimlərdir? Niyə belə olsun axı? Adamları yandırmaq, şəhəri dağıtmaq… Bunu kim təşkil eləyib axı?
İnanın, gördüklərindən dəhşətə gəlmişdi. Məhəmməd bilirdi ki, bu xalqın işi deyil, xarici qüvvələrin təsiri ilə qurulmuş işdir. O vaxt bu, hamıya məlum idi. Sadəcə, çoxları fitvaya gedirdi. Bir dəli daş atır bir quyuya, yüz ağıllı gəlib çıxara bilmir. Allah qorusun millətimizi belə şeylərdən!
1990-cı ildə Məhəmməd daxili işlər naziri vəzifəsinə təyin olundu.
Çox yaxşı yadımdadır, nazir təyin olunanın sabahı günü o, vertolyotla sərhəd zonalarını gəzməyə başladı, camaatla görüşüb söhbətlər etdi. O, ümumiyyətlə, evdə söz danışan deyildi, amma bir dəfə belə bir söz dedi:
- Mütləq sərhədi möhkəmləndirmək lazımdır. «Vışka»ların sayını artırmaq, sonra yerli camaatdan sağlam, güclü cavanları seçib sərhədə qoymaq. Öz kəndində yaşayan hər kəs oranın sahəsini, ərazisini, çertyojunu, hər qarışı daha yaxşı bilir, nəinki Bakıdan gedən işçi.
Doğrudan da bundan sonra sərhəd bölgəsindəki cavanları seçir, istiqamətləndirir, orda yerləşdirirdi ki, torpaqlarımızı qorusunlar.
Həmin ərəfədə dəfələrlə Qarabağ zonasında olmuşdu. Bəzən elə olurdu ki, işdən gedir, günlərlə zonalarda qalırdı. Bir dəfə belə bir hadisə olmuşdu:
Onların getdiyi vertolyot dumana düşür, Azərbaycan kəndi əvəzinə gedib erməni kəndinə düşür. Özü də düşmənin düz ortasına. Təsəvvür edirsiniz? Onları tutsaydılar, başlarına nə oyun gətirərdilər, amma Məhəmmədgil özünü itirmir, vertolyot tez havaya qalxır. Ermənilər sonradan duyuq düşüb atəş açırlar. Düşmən özü bəlkə də şoka düşüb bu hadisədən. Allah o vaxt qismət eləmədi ki, Məhəmməd ermənilərin əlinə düşsün. Özü də nazir idi. Allah o vaxt onları qorudu. Amma sonradan… Tale ona başqa yazı yazıbmış, heç demə.
Onları hara göndərsəydilər, əvvəlcədən siyahı tutulurdu. O hadisədən bir gün əvvəl, yəni noyabrın 19-da Məhəmməd Qazax görüşündən gəlmişdi. Evə gələndə axşam idi. İçəri girən kimi mən ona dedim ki, Mərkəzi Komitədən zəng eləmişdilər, səni axtarırdılar. Məhəmməd ora zəng vurdu, dedilər ki, bəs sabah yenə getməlisən. İndiki kimi yadımdadır, Məhəmməd telefonda həmin şəxsə dedi:
- Protokola görə, əgər mən bu gün ordan qayıtmışamsa, sabah getməyim mümkün olmayan bir şeydir.
Xəttin o başındakı adam nə söylədisə, Məhəmməd «gedərəm»-dedi. Sonra üzünü mənə tutdu:
- Mən protokolda siyahıda olmamalı idim. Amma gedəcəyəm.
Düzü, mən də istəmirdim getməyini. Onu salmışdılar siyahıya və o özü də tərəddüd etmədən dedi: Gedəcəyəm!
Həmin axşam özümü çox pis hiss elədim, gecənin yarısına qədər yata bilmədim. Başım bərk ağrıyırdı. Gecə durub başımı şalla bağladım. Elə oldu ki, məni yuxu tutdu. Çox qəribə bir yuxu gördüm. Gördüm ki, bax oturduğumuz bu evin (evin içinə işarə edir) hər divarından üstümə alov gəlir, evimiz yanır, hər yan tüstüdür. O tüstünün içində bir dəmir qutu var. Qutunu qaldırıram yuxarı, orda balaca bir trubadan üstümə bulanıq su tökülür.
Məhəmməd səhərə yaxın durub hazırlaşır getməyə, baxır ki, mən başımı bağlayıb yatmışam. Hiss edib ki, narahatam, məni oyatmayıb, durub geyinir, çay içir. Sonra gəlib məni çağırdı ki, gedirəm, dur qapını bağla. Mən çox həyəcanlı halda ayağa durdum, gəlib söykəndim qapının küncünə. İstədim deyəm ki, Məhəmməd, getmə, yuxumu qarışdırmışam. Nə qədər elədim, özümə sığışdırıb bunu deyə bilmədim. Dilim tutuldu. Bilirdim ki, «getmə!» desəm də gedəcək. Getməlidir. Onu saxlamaq mümkün deyil. Bəlkə də özümü hörmətsiz eləmək istəmədim onun yanında. O gedəcək. Getməlidir. Vətən üçün, xalq üçün getməlidir. Dövlətin tapşırığıdır. Düşündüm ki, xalqımızın xeyrinə olan bir görüşə gedir, Qarabağ üçün gedir. Nə isə… Diplomatı götürdü, mənimlə sağollaşdı, qapının ağzına çatanda dönüb geriyə baxdı və belə dedi: «Gedirəm, saat dörddə qayıdacağıq». Özümdən asılı olmayaraq bircə kəlmə dedim: «Qayıtmayacaqsınız!». Mən belə deyəndə çox qəribə bir tərzdə baxdı üzümə. Heç nə demədi. Getdi. Mən isə eləcə qapıya söykənili halda baxa-baxa qaldım. Ondan bir neçə gün qabaq da bir yuxu görmüşdüm; guya Məhəmmədlə ikimiz hardasa bir boşluqdayıq, dayanmışıq. Birdən hava qaraldı, hər yan zülmət qaranlığa büründü. Əlimi uzatdım - gördüm o, yanımdadır. Bu biri əlimi uzadanda gördüm ki, bir pilləkən var. Bir əlimlə Məhəmməddən, o biri əlimlə pilləkəndən tuta-tuta qalxıram yuxarı. Mən qalxıram, Məhəmməd isə qalır aşağıda - qaranlıqda. Təyyarə buludların üstünə qalxır, mən də qurşaqdan yuxarı buludun üstündəyəm. Deyirəm ki, ay Mamed, bura nə yaxşı işıqlıdır belə? Cavab vermir, aşağıda, qaranlıqda qalır.
…Bir dəfə iş yoldaşı ilə evə günorta naharına gəlmişdi. Mən bu yuxunu danışdım. İş yoldaşı bir az yaşlı idi, mən danışanda tutuldu, nə isə fikrə getdi. Bizə heç nə demədi. Onda cavan idik, mənim ürəyimə heç nə gəlmirdi. Ona görə də yuxunun mahiyyətinə varmadım. Məhəmmədin vəfatından sonra bunları xatırladım, deməli Allah-Taala bizə əyan edibmiş. Yəqin, yuxuda da insana nə isə bir xəbərdarlıq var.
Sonradan peşman oldum ki, niyə onu elə yola saldım.
Onun ölüm xəbərini saat 4-5 radələrində eşitdim. Necə ki, demişdi ki, saat 4-də qayıdacağam, həmin vaxtda onun ölüm xəbərini çatdırdılar mənə. Öz köməkçilərindən biri zəng edib dedi. Sonradan eşitdim ki, köməkçiləri xəbəri verəndə çox tərəddüd keçiriblər, bu ağır xəbəri verə bilməyiblər mənə. Kabinetdə biri o birinə deyib ki, sən xəbər ver Məleykə xanıma, o biri deyib, yox, sən de.
Əvvəlcə dedilər ki, vertolyot itib, tapa bilmirlər. Dedim, necə yəni vertolyot itib? Dənizin üstündən keçmirdi ki, deyim dənizə düşüb. Qarabağda dəniz yoxdur axı? Sonra eşitdim ki, əvvəlcə doğrudan da hara düşdüyünü bilməyiblər. Onlara dedim ki, Məhəmməd özü o vertolyotun içində olmasaydı, bütün ordunu tökərdi, qarış-qarış o ərazini axtartdırardı, vertolyotu tapardı. Təsəvvür eləyin ki, 6-7 saatdır vertolyot itib, hələ saat dördə qədər tapa bilmirdilər. Nə qədər dəyərli dövlət xadimləri vardı onun içində. İsmət Qayıbov, Tofiq İsmayılov, Rafiq Məmmədov, Vəli Məmmədov, Zülfi Hacıyev, Osman Mirzəyev, Şuşanın başçısı Vaqif Cəfərov və başqaları. Axşam televizorda simfonik musiqi verilməyə başlayanda mənə hər şey aydın oldu. Sonra da məlumat verdilər ki, dövlət xadimləri olan vertolyot düşmən terroruna məruz qalıb. Siyahı oxunan zaman Məhəmmədin adı çəkiləndə inanmadım. Dedim, ola bilməz ki, orda olsun. O, Allahın o qədər gözəl, təmiz, sadiq bəndəsi idi ki, bəlkə də ona görə inanmadım. Düzlüyü sevən, adamlara hər zaman yardım edən idi. Bəlkə də buna görə inanmadım ki, Allah ona elə narahatlıq törədər.
Hər halda Azərbaycan onları itirməklə çox şey itirdi. Özünüz bilirsiniz də, mən nə deyim. Onlar ölməsəydilər, yəqin ki, bir belə torpaqlarımız getməzdi, qaçqınların sayı artmazdı.
Onlar xalq üçün, camaat üçün qurban getdilər. Onlar həqiqətən də Milli Qəhrəmandırlar. Amma sənəddə yox. Bu barədə hələ sərəncam verilməyib. Bununla bağlı heç vaxt müraciət eləməmişəm. Mənim şəxsi mülküm deyil, şəxsən mənə aid deyildi ki, mən onu müdafiə edim. O və onunla birlikdə şəhid olanlar bu xalqın oğullarıdır. Xalq üçün özlərini şəhid elədilər. Onlar həmişə vətəni, xalqı düşünürdülər. Amma onların heç şəhid statusu da yoxdur.
Yeri gəlmişkən, mənim qardaşım Məhyəddin İmanov da o vaxt Zəngilanda orduda olub, torpaqları müdafiə edib, qəhrəmanlıqlar göstərib, yaralanıb. Yanında həlak olan iki döyüş yoldaşının hərəsini bir ayağına bağlayıb, sürünə-sürünə cəsədləri blokada şəraitindən çıxarıb. Həyəcandan cavan ikən şəkər xəstəliyinə tutuldu. Böyrəkləri işləmir, şəkərə görə gözləri də tutuldu. Qaçqındır, amma indiyə qədər kirayədə qalır. Yadımdadır, o vaxt iki günlüyə evə gəlimişdi, deyirdi ki, bir-iki aya torpaqlarımıza qayıdacağıq. Nə üçün yataqxanada, çadırda yaşayım ki? O vaxt yataqxanaya da getmədi ki, ora tələbələrindir. Özü qaçqın, birinci qrup əlil ola-ola kirayədə qalır. Böyrəkləri işləmədiyinə görə həftədə üç dəfə onu xəstəxanaya dializə aparırlar, bir neçə saat aparatın altında qalır ki, bədənində olan suyu çıxarsınlar. Yəni demək istəyirəm ki, vətən üçün, torpaq üçün sağlamlığını qurban verdi, amma özü qaçqın, xəstə ola-ola hələ də kirayədə qalır. Bu da məni və anamı çox üzür. Ancaq əlimizdən nə gəlir ki?
…Məhəmməddən sonra çox sıxıntılar yaşadım.Üç oğlumuz var: ikisi evlidir, biri subay. O hadisə baş verəndə Natiqlə Nazim institutda oxuyurdular. Balacamızın isə 10 yaşı vardı. Uşaqlara böyüyəndən sonra ata daha çox lazımdır. Özü də oğlan uşaqlarına. Onların ata məsləhətinə həmişə ehtiyacı olur. Məhəmməd nə çətinliklərlə oxuyub həyatda özünə mövqe qazanmışdısa, övladları da eyni taleyi yaşadılar. Əziyyətlə böyüdülər. Elə adamlar var ki, kimdənsə istifadə eləyir, amma onlar heç vaxt deməyiblər ki, mən filankəsin oğluyam. Özləri öz zəhmətilə hər şey ediblər.
Böyük oğlum Natiq atasının yolunu davam etdirir, prokurorluqda çalışır.
Həyat mənə çox şey verdi. Yaxşı, nümunəvi ailə, ali təhsil, sevgi, məhəbbət, həyatda hər şeyi düzgünlüyünə öyrənmək. Düzdür, 90-cı illərdə mənim başımın tacını aldı, amma bununla da fəxr edirəm. Onu var kimi qəbul edirəm, yox kimi yox. Ömrümün axırına kimi də var kimi qəbul edəcəyəm!

Məleykə xanımın anası Eyzəngül xala:
Mənim Məhəmməddən zərrə qədər narazılığım olmayıb. O mənə «ana» deyirdi. Oğul kimi idi mənə. Tək mən yox, hamı ondan razı idi. Hamının dadına yetirdi. Görsəydi bir adam bikefdir, onun dərdini bilib kömək edərdi. İnan ki, bala, peyğəmbər kimi adam idi. O xəbəri - vertolyotun partlaması xəbərini eşidəndə Mincivanda idik. Səkkizotaqlı evimiz vardı, dördü altda, dördü üstdə. Uşaqlar altdakı evdə olurdular, biz də kişiylə yuxarıda qalırdıq. Axşam idi, uzanıb televizora baxırdım. Bir də gördüm dedilər ki, bəs filan vertolyot qəzaya uğrayıb. İçində filankəs, filankəs… Məhəmmədin adı çəkiləndə durdum ayağa, gördüm sağ ayağım tutulub, getmir. Güc-bəla ilə, çox çətinliklə divardan tuta-tuta çıxdım eyvana. Aşağıya baxdım - gözlərimə inanmadım, gördüm nə qədər adam xəbəri eşidib hamısı yığışıb eyvanın qabağına, bizim həyətə. Elə o vaxtdan ayaqlarım işləmir. Sonradan ermənilər Zəngilanı alanda məni necə gətirdilər Bakıya xəbərim olmadı. Qızım «başıkəsik» qaldı da. Bu, az dərd deyil ki…
…Zəngilan işğal olunanda heç bir şey götürə bilmədik. Ev ayaqqabısıyla qaçdıq. Dedilər, ermənilər gəlir, çıxın, qaçın. Mənim də həyat yoldaşım müharibə veteranıdır.(1941-45-ci il müharibəsi nəzərdə tutulur - red.) Tüfəngini əlinə götürüb dedi:
- Ay camaat, niyə qaçırsınız? Heç kəs qaçmasın. Onlar bizi öldürür, biz də onları öldürərik.
Amma camaat qorxuya düşmüşdü. Qaçırdı. Kişi də hirsindən tüfəngi vurdu daşa sındırdı, sonra tulladı Araza. Çox adam çayda boğuldu, Bakıya çatana qədər nə qədər adam qırıldı, yolda ölənlərə ağlayıb dil deyir, ordaca basdırırdılar. Eləsi vardı ki, ölüsünü heç basdıra bilmədi, eləcə qoyub qaçırdı.
Mən həmişə düşünürəm ki, nə yaxşı Məhəmməd kimi oğullar vardı o zaman. O, təkcə mənim kürəkənim deyil, həm də xalqın oğludur.

HAZIRLADI: S.Sərvi "EL" dərgisi 2 noyabr 2011-ci il









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv